Logo

Mumbayda Azərbaycanın turizm imkanları təbliğ olunur - FOTO

09.02.2024 17:18 176 baxış
IMG

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları fevralın 8-də işinə başlayan “OTM Mumbai 2024”də (“Outbound Travel Mart”) sərgilənir.

Dövlət Turizm Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, Hindistanın Mumbay şəhərində fevralın 10-dək davam edəcək sərgidə ziyarətçilərə Azərbaycanın tarixi və mədəni irsi, qastroturizm potensialı, qış turizmi və dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq, ekoturizm kimi turizm istiqamətləri və məhsulları barədə məlumat verilir.

Milli stenddə “Azərbaycan Hava Yolları” QSC və “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, 15 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B görüşlər keçirilir, əməkdaşlıq imkanları müzakirə olunur.

Sərgidə 60 ölkədən 1600-dən çox turizm şirkəti iştirak edir.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycana gələn xarici ölkə vətəndaşları sırasında Hindistandan olan ziyarətçilər 4-cü yerdə qərarlaşıblar. Ötən il Azərbaycana 117 min 302 Hindistan vətəndaşı gəlib ki, bu da 2022-ci illə müqayisədə 93 faiz, 2019-cu illə müqayisədə isə 80 faiz çoxdur.

Xəbər lenti