Logo

AMEA-da “Elmi liderlikdə qadınlar və qızlar – davamlı inkişafın yeni dövrü” mövzusunda konfrans keçirilib

09.02.2024 21:29 137 baxış
IMG

Fevralın 9-da AMEA Rəyasət Heyətinin və AMEA Qadınlar Şurasının birgə təşkilatçılığı ilə 11 fevral – Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

“Elmi liderlikdə qadınlar və qızlar – davamlı inkişafın yeni dövrü” mövzusunda keçirilmiş elmi konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova açaraq tədbir iştirakçılarına AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin salamlarını və təbriklərini çatdırıb. Bu əlamətdar günün BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən keçirildiyini bildirən akademik Azərbaycanda builki Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününün keçirilməsinin olduqca əhəmiyyətli hadisə ilə də yadda qalacağını vurğulayıb. Qeyd edib ki, iki gün öncə Azərbaycan xalqı yüksək siyasi iradəsini ortaya qoyaraq vətəndaş mövqeyi və mütəşəkkillik göstərməklə öz liderinə, Müzəffər Ali Baş Komandana birmənalı inamını nümayiş etdirib: “Müstəqillik dövründə ilk dəfəydi ki, seçki məntəqələri milli suverenliyin tam təmin olunduğu ərazilər də daxil olmaqla, bütün respublikanı əhatə edirdi. Seçkilərdə Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti, o cümlədən elmdə söz sahibi olan qadın və qızlarımız da böyük ruh yüksəkliyi ilə iştirak etdilər. Seçkilər göstərdi ki, Azərbaycan xalqı öz gələcəyinin, öz taleyinin əsl sahibi olmaqda israrlıdır”.

Akademik İradə Hüseynova bildirib ki, builki günün alt mövzusu “Elm haqqında düşün... Sülh haqqında düşün” adı altında müəyyənləşdirilib. Bu günlərdə Nyu-Yorkda, BMT-nin Baş Qərargahında “9-cu Beynəlxalq Qadınlar və Qızlar Günü” Assambleyasının keçirildiyini qeyd edən vitse-prezident tədbirin ko-sponsorları sırasında Azərbaycan Respublikasının da yer aldığını vurğulayıb.

Sonra akademik İradə Hüseynova builki Beynəlxalq Qadınlar və Qızlar Günündə əhatə edilməsi xüsusən vacib olan əsas məqsədlər haqqında məlumat verib. Bildirib ki, bu məqsədlər diplomatiyada və beynəlxalq məsələlərdə, davamlı, ədalətli və inklüziv sosial-iqtisadi inkişaf, elm, təhsil, texnologiya və yaşıl iqtisadi artım, mədəniyyət sahələrində qadınların rolunu araşdırmaq və onları öz fəaliyyətlərini genişləndirməyə təşviq etmək kimi məsələlərdən ibarətdir.

Dünya və Azərbaycan üzrə statistik məlumatları diqqətə çatdıran akademik İradə Hüseynova ənənəvi milli dəyərlərin güclü olduğu Azərbaycanın qadın və qızların elmdə iştirakı ilə bağlı bir çox göstəricilərə görə dünyanın inkişaf etmiş ölkələrinin bəzilərini geridə qoyduğunu qeyd edərək, bunun ölkə başçısı tərəfindən aparılan siyasətin nəticəsi olduğunu vurğulayıb. Alim bildirib ki, bu siyasətin icrasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardir, onun rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən qadınların və qızların elmə, təhsilə cəlb olunması istiqamətində geniş layihələr həyata keçirilir.

“Bu gün Azərbaycan qadınları elm və təhsildə yeni hədəflərə doğru irəliləyirlər. Bu hədəflər sırasında işğaldan azad edilmiş ərazilərə böyük qayıdış, o cümlədən elmin böyük qayıdışı, ətraf mühitin, ekologiyanın sağlamlaşdırılması, sağlam və təhlükəsiz yaşam üçün imkanların genişləndirilməsi, dünya elminə daha geniş inteqrasiya, beynəlxalq elmmetriya reytinqlərində ölkənin göstəricilərinin yüksəldilməsi və s. ilə bağlı məsələlər də xüsusi yer tutur”, – deyə akademik bildirib.

Çıxışının sonunda akademik İradə Hüseynova qadın və qızlarımızın üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün əllərindən gələni edəcəklərinə əminliyini ifadə edib.

AMEA Qadınlar Şurasının sədri, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə Prezident seçkilərində, bütövlükdə ölkəmizin ictimai-siyasi həyatında qadın alimlərimizin fəal iştirak etdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın qadın alimləri öz fəaliyyətlərində və şəxsi həyatlarında görkəmli oftalmoloq-alim, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı akademik Zərifə xanım Əliyevanın həyat yolunu və zəngin elmi yaradıcılığını nümunə götürürlər.

Daha sonra elmi məruzələr dinlənilib. AMEA Qadınlar Şurası sədrinin müavini fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli “Elmdə qadın liderliyi. Azərbaycan nümunəsi”, AMEA-nın Folklor İnstitutu Qadın təşkilatının sədri filoligiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova “Azərbaycanın folklorşünaslığında qadın alimlərin rolu”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “İlham Əliyevin dövlət strategiyasında qadın siyasəti”, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova “Azərbaycanda seysmologiya elminin inkişafında qadınların rolu”, AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı “Azərbaycanın tanınmış idmançı qadınları” və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi, Oksford Universitetinin doktorantı Gülnar Abdullayeva “Xərçəng xəstəliyinin müalicəsində yeni texnologiyalar. Qadın alimlərin töhfələri” adlı məruzələrlə çıxış ediblər.

Tədbirdə, həmçinin “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva və AMEA-nın vitse-prezidentləri xidmətinin elmi katibi, AMEA Rəyasət Heyətinin Qadınlar Şurasının sədri b.e.d. Tubuxanım Qasımzadə çıxış edərək Azərbaycan qadınlarının, xüsusilə elmdə və təhsildə fərqlənən xanımlarımızın cəmiyyətimizin aparıcı qüvvəsi olduqlarını bildiriblər.

Xəbər lenti