Mədəniyyət Nazirliyi regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir.
Bu barədə "Tehsil.biz"ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Akademik Milli Dram Teatrının “Manqurt” tamaşası qastrol səfərləri çərçivəsində fevralın 12-də saat 17:00-da Lənkəran Dövlət Dram Teatrında nümayiş olunacaq.
Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Anar Babalı, rejissoru İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.
Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, Tural İbrahimov, Firuzə Balayeva, Elsevər Rəhimov iştirak edirlər.