Logo

"Şəhid Rauf Hədisov adına təqaüd proqramı"nın mükafatlandırılma mərasimi keçirilib - FOTOLAR

11.02.2024 14:52 202 baxış
IMG

Balakən rayon Yeni Şərif kənd tam orta məktəbində məktəbin adını daşıyan I Qarabağ müharibəsi şəhidi Rauf Hədisovun ildönümünə həsr edilmiş tədbir və "Şəhid Rauf Hədisov adına təqaüd proqramı"nın mükafatlandırılma mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova, Tədrisin keyfiyyət sektorunun müdiri Bəhruz Nəbili, İnzibati təşkilat sektorunun müdiri Alqış Həsrətov, Balakən rayon təhsil sektorunun əməkdaşları, Yeni Şərif kənd bələdiyyəsi, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivi və digər qonaqlar iştirak edib.

Öncə tədbir iştirakçıları şəhid Vüsal Omarovun övladları Yağmur Omarova, Duyğu Omarova və digər şagirdlərin vətənpərvərlik mövzusunda rəsm işlərindən ibarət sərgiyə baxış keçirib.

Tədbir Dövlət Himninin səsləndirilməsi, ardınca  Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun sükutla anılması ilə başlayıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən, müdir müavini Günay xanım Mahmudova çıxış edərək Vətənin ərazi bütövlüyü uğrunda aparılan rəşadətli mübarizədən, xalqımızın keçdiyi şərəfli döyüş yolundan söz açaraq şəhidlərimizin vətənpərvərliyidən və gənc nəslə nümunə olan həyatlarından bəhs edib. Bildirilib ki, Azərbaycan xalqı öz liderinin- müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz gücünü, mətinliyini nümayiş etdirdi, ərazi bütövlüyümüz təmin edildi.

Şəhid Rauf Hədisovun həyat yoldaşı Mesed Hədisova və Rauf Hədisovun döyüş yoldaşı olmuş şəhid İsmayıl Tuhumovun atası  Şəmsəddin Tuhumov çıxış edərək şəhidlərin keçdikləri şərəfli ömür yolunun daim təbliğ olunması və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb, "Şəhid Rauf Hədisov adına təqaüd proqramı"nın təşkili üçün təşəkkürünü bildirib.

Tədbirdə şəhid Rauf Hədisova həsr olunmuş videoçarx nümayiş etdirilib, şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Daha sonra şəhid Rauf Hədisov adına təqaüd müsabiqəsi qaliblərinin mükafatlandırılması həyata keçirilib. Rauf Hədisov adına təqaüd proqramının rəhbəri, qabaqcıl təhsil işçisi Tinov Bağmanov tərəfindən müsabiqənin qalibləri elan edilib. Təqaüd müsabiqəsi qaliblərinə pul mükafatı ilə yanaşı, üzərində şəhid Rauf Hədisovun adı olan döş nişanları da təqdim olunub.

Qeyd edək ki, Yeni Şərif tam orta məktəbi məzunları, məktəbin rəhbərliyi və kollektivi, kənd bələdiyyəsinin tərəfdaşlığı, dəstəyi ilə təşkil edilən Rauf Hədisov adına təqaüd müsabiqəsinin keçirilməsində məqsəd şəhidlərin xatirəsini əbədi yaşatmaq, şagirdlərdə vətənpərvərlik hislərini artırmaq və onların peşəkar inkişafına dəstək olmaqdır.

Xəbər lenti