Logo

Yüz ilin Naxçıvanı - MƏQALƏ + FOTO

11.02.2024 18:20 336 baxış
IMG

Həyatda üç şey insanın özündən asılı deyil: valideynləri, doğulduğu torpaq və ömür sürdüyü vaxt. Xalq yazıçısı Anara məxsusdur bu fikirlər... Özündən asılı olmayan, amma ömür boyu asılı olduğun doğulduğun torpaq, məkan çox önəmlidir - “Coğrafiya taledir” deyimi kimi.

Məkan Naxçıvandır. Qədim Azərbaycan torpağı. Tarixi abidələr məskəni, zəngin mədəni irsə malik, heyrətamiz gözəlliyi, qürurlu və məğrur insanları ilə seçilən Naxçıvan.

Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olur. Muxtar respublikanın yaradılmasının Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət kəsb etdiyini və onun xalqımızın həyatında əlamətdar hadisə olduğunu nəzərə alan ölkə Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır”.

Azәrbaycanın qәdim vә zәngin tarixә, mәdәniyyәtә vә çoxәsrlik dövlәtçilik әnәnәlәrinә malik olan Naxçıvan diyarı mürәkkәb vә çәtin inkişaf yolu keçib. Məlum olduğu kimi 1920-ci ilin aprel işğalından sonra Azərbaycanda başlanan sovetləşmə Naxçıvandan da yan keçmədi. Gərgin hərbi-siyasi mübarizələr fonunda Naxçıvanın taleyi həll olunurdu. Nəhayət, 1921-ci il 16 mart tarixli Moskva, 13 oktyabr tarixli Qars müqavilələri ilə Naxçıvanın Azərbaycan tərkibində muxtar respublika statusu təsbit olundu. 1921-ci ilin yanvar ayında bu ərazidə ümumxalq səsverməsi keçirildi və əhalinin 90 faizi Naxçıvanın Azərbaycanın tərkibində qalmasına səs verdi. Uzun müzakirələrdən sonra 1924-cü il fevralın 9-da Naxçıvanda Muxtar Sovet Sosialist Respublikası yaradıldı.

Sovet mərhələsi Naxçıvanın həyatında dərin iz buraxdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə Naxçıvanda sənayeləşmə prosesi sürətləndi, yeni müəssisələr tikilib itifadəyə verildi. Təzə yaşayış massivləri salındı, təhsil, səhiyyə və mədəniyyət müəssisələri tikildi.

Azərbaycana ikinci dəfə rəhbərliyi illərində Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasını heç vaxt diqqətdən kənarda qoymadı. O, blokada şəraitində olan bu diyarın yaşaması, yaratması üçün əlindən gələni etdi. Ölkədə başlanan quruculuq və inkişaf xətti Naxçıvanda fəallığı və yaradıcı forması ilə seçilirdi. Bu inkişaf konsepsiyası sonrakı illərdə bir idarəetmə modeli kimi tarixə düşdü.

Bu model Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirildi. Ermənistanın blokadası şəraitində Naxçıvanın özünümüdafiəsi ən yüksək səviyyəyə çatdırıldı. 2018-ci ilin Günnüt əməliyyatı 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan ordusunun növbəti hərbi uğuru kimi tarixə düşdü. Bundan əlavə, Muxtar Respublikanın iqtisadi müstəqilliyinə nail olundu, Naxçıvanın iqtisadi inkişafı davamlı xarakter aldı, yeni müəssisələr açıldı, qeyri-neft sektoru sürətlə önə çıxdı.

Naxçıvanın muxtariyyəti xalqımızın və dövlətimizin tarixi nailiyyətidir. Bu muxtariyyət imkan verdi ki, Azərbaycan xalqının çoxəsrlik arzuları reallığa çevrilsin, əcdadlarımızın izi bu torpaqdan silinməsin. Şərqin əsas fikir və düşüncə mərkəzlərindən olan Naxçıvan əhalisi hər zaman milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətlər göstərdi. Bunun adı istisnasız fədakarlıq, dövlətə və ölkəyə olan sonsuz məhəbbətdir.

Strateji mövqeyinə görə Naxçıvan tarixən siyasi mübarizələr meydanı olsa da, bu diyar və bu diyarın insanları bütün sınaqları qətiyyətlə dəf edə bilib. O vaxt da, indi də ölkəmizin bütövlüyü uğrunda Naxçıvan torpağı şəhidlər verib, şanlı Zəfər salnaməmizə parlaq imzalarını yazıblar.

Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində Naxçıvan amili xüsusi qeyd olunmalıdır. Naxçıvanın yarım əsrlik dövrü məhz onun siyasəti ilə formalaşıb. O vaxt verilən vacib qərarların nəticəsidir ki, bu gün Naxçıvan böyük inkişaf dövrünü yaşayır. 

Daha neçə 100 illiklərinin qeyd edilməsi arzusuyla, sabahı bu günündən də gözəl olacaq gözəl diyar!

Bənövşə Məmmədova

ADU-nun Tərcümə fakültəsinin dekanı 

Xəbər lenti