Logo

Xarici işlər nazirinin müavini “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb - FOTO

12.02.2024 12:37 156 baxış
IMG

Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb.

Müsabiqənin İşçi Qrupundan "Tehsil.biz"ə bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva da iştirak edib.

Görüşdə Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılması, bu istiqamətdə beynəlxalq müstəvidə atılan addımlar və bu beynəlxalq təşəbbüslərin ölkəmizə inteqrasiyası mövzularında müzakirələr aparılıb.

Nazir müavini COP29-un ölkəmizdə uğurla keçirilməsində potensiallı kadrların prosesə cəlb edilməsinin əhəmiyyətini vurğulayaraq “Yüksəliş” müsabiqəsi qaliblərinin COP29-da yaxından iştirakının faydalı olacağını vurğulayıb.

“Yüksəliş” müsabiqəsi qalibləri də “yaşıl” iqtisadiyyata keçid, “yaşıl” enerji təchizatı, o cümlədən 2022-2026-cı illər üzrə tədbirlər planına əsasən işğaldan azad olunmuş ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi hədəflərinə nail olmaq məqsədilə təkliflər irəli sürərək müzakirələr aparıblar. Sonda xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29 tədbiri çərçivəsində təkliflərin hazırlanması və daha geniş müstəvidə danışıqların aparılması məqsədilə belə görüşlərin davamlı olmasının zərurətini vurğulayıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Xəbər lenti