Hazırda Bakı şəhərindəki bütün dövlət uşaq bağçaları Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və təlimatlarına uyğun, mövcud vəziyyət nəzərə alınmaqla və müvafiq sanitar-gigiyenik normalara əməl etməklə fəaliyyət göstərir.
Tehsil.biz xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Bağçalar tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiya məhlulları ilə tam təmin edilib. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılıb, burada mütəmadi dezinfeksiya işləri aparılır. Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçülür, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayırlar. Həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılır. (Apa)