Logo

Nizami poeziyası haqqında monoqrafiyanın Gəncədə təqdimatı olub - FOTO

12.02.2024 18:17 368 baxış
IMG

AMEA-nın Gəncə Bölməsində Folklor İnstitutunun şöbə müdiri professor Ramazan Qafarlının “Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti (folklor-mifoloji düşüncə kontekstində)” monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Folklor İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, tədbiri Bölmənin sədr müavini Rasim Tağıyev açaraq Ramazan Qafarlının dahi Nizaminin doğma yurdu Gəncədə bu gün təqdimatı keçirilən yeni kitabını böyük mütəfəkkirimizin tükənməz irsinin tədqiqatlarına sanballı töhfə kimi dəyərləndirib.

Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov çıxışında kitabın müəllifinin müasir ədəbiyyatşünaslıq və folklorşünaslığımızın tanınmış simalarından olduğunu və daim elmimizin bu istiqamətlərinin aktual problemlərini araşdırdığını vurğulayıb. O, Nizami Gəncəvi yaradıcılığı və fəlsəfəsinin mahiyyəti haqqında tutarlı əsər yazmaq üçün klassik ədəbiyyatın, eləcə də mifologiyanın ən dərin qatlarına yaxından bələd olmağın vacibliyini xatırladaraq, müəllifin bu keyfiyyətlərə malik olduğuna diqqət çəkib.

Akademik, həmçinin Nizami poeziyasında məkan-zaman-kəmiyyət vəhdətinin bəşəri təkamül, eləcə də mifoloji təsəvvür qanunauyğunluqları baxımından insan düşüncə və varlığında təcəlli etdiyinin müəllif tərəfindən çox orijinal şəkildə verildiyini qeyd edib.

Kitabın elmi redaktoru Folklor İnstitutunun şöbə müdiri professor Seyfəddin Rzasoy çıxışında Azərbaycan folklorşünaslıq elminin inkişafına böyük töhfələr verən, mifologiyaya, “Kitabi-Dədə Qorqud” eposuna, uşaq folkloruna, epik folklorda janrlararası əlaqələrə dair sanballı əsərlərin müəllifi olan Ramazan Qafarlının, həmçinin Nizami Gəncəvi yaradıcılığının dərin tədqiqatçısı kimi tanındığını qeyd edib. S.Rzasoy kitabda müəllifin Nizami poeziyasında türkçülük ideologiyası məsələsini ön plana çəkdiyini, ümumiyyətlə, türk milli kimliyinin Ramazan Qafarlının Nizamiyə yanaşmasının daimi təhlil aspektləri sırasında olduğunu da xatırladıb.

Folklor İnstitutunun aparıcı elmi işçisi dosent Qalib Sayılov çıxışında müəllifin bütün araşdırmalarında olduğu kimi, trafaretlərdən və tavtoloji stereotiplərdən kənar yanaşmalarının nizamişünaslıq üzrə tədqiqatlarda da özünü bariz şəkildə göstərdiyini vurğulayıb.

R.Qafarlı monoqrafiyanın ayrı-ayrı bölmələrində Nizami Gəncəvinin milli mənsubiyyətinin, onun gəncəli türk olmasının bir daha aydınlaşdırılması məsələsi barədə dahi şairin mətnlərinin struktur, funksiya və məzmunundakı mövcud tutarlı dəlillərə söykənilərək fikirlər yürüdüldüyünü, həmçinin Nizami poeziyasının gizli qatlarında qorunub saxlanan, eləcə də üzdə olub müxtəlif cür yozulan cəhətlərindən söz açıldığını iştirakçıların diqqətinə çatdırıb.

AMEA Gəncə Bölməsinin əməkdaşları da çıxışlarında professor Ramazan Qafarlının tədqiqatlarının müasir Azərbaycan filoloji düşüncəsinin parlaq nümunələri olduğunu bildiriblər.

Bölmənin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov Ramazan Qafarlının bir alim və vətəndaş kimi daim prinsipial mövqe və söz sahibi olduğunu dilə gətirib. O, həmçinin monoqrafiyanın orijinal və yenilikçi xüsusiyyətlərini vurğulayıb, kitabda filoloji tədqiqatlarda demək olar ki, tətbiq olunmayan, amma əslində, qüvvətli əyani təsəvvürlər yaratmağa xidmət edə bilən qrafik formatın, o cümlədən 30-a yaxın sxem, diaqram və cədvəlin verilməsini novatorluq nümunəsi kimi səciyyələndirib.

Xəbər lenti