Logo

"Molla Nəsrəddin" jurnalının qarşısında qoyulan tələb və ya "Allahsız" necə və kimlər tərəfindən yaradıldı?

12.02.2024 20:05 319 baxış
IMG

Əvvəlcə onu qeyd edim ki, 1920-ci ilin aprel işğalından sonra Moskvada nə hadisə baş veribdisə Azərbaycandan da yan keçməyib. Bir sözlə Azərbaycan ədəbi, mədəni, siyasi mühiti “böyük qardaşı” yamsılayaraq, hakim ideologiyanın ruporuna çevrilib.

Arxiv sənədlərindən aydın olur ki, 1922-ci ildə Rusiyada din əleyhinə güclü təbliğat başlanıb və bu ilk olaraq mətbuatda özünü əks etdirib. Elə həmin ili Moskvada “Allahsız” (“Bezbojnik”) adında qəzet nəşrə başlayıb. İki il sonra “1924-cü ildə Moskvada "Allahsız" qəzetinin Dostları Cəmiyyətinin 1-ci təsis yığıncağı çağrılıb. Cəmiyyətə hər tərəfli dəstək olan Sov.İKP MK 1925-ci ilin aprelində “Alahsız”lar qəzetinin Dostları Cəmiyyətinin I qurultayını keçirib və qərara alıb ki, “Allahsızlar İttifaqı” adında vahid təşkilat yaradılsın”. Moskvada “Allahsızlar İttifaqı” təşkilatı yarandıqdan dərhal sonra Azərbaycanda “Allahsızlar İttifaqı”nın özəkləri yaranmağa başlayıb.

Dinini, məssəbini, soy-kökünü, bir sözlə hər şeyini danan Şura hökuməti dünəni silib atmaq, təzəni yaratmaq adı ilə ilk olaraq dindən başlayıb. 1929-cu il 8 apreldə hökumət “Dini təşkilatlar haqqında” fərman imzalayıb. Bundan “ruhlanan” Azərbaycan K (b) P MK 1929-cu il aprelin 15-də plenum çağırıb. Plenumda dinə qarşı mübarizə adı altında “çadranın və papağın atılması məsələsi” irəli sürülərək bildirilib ki, bu işdə “Molla Nəsrəddin” jurnalı hökumətə dəstək olsun. Odur ki, dövrünün məşhur satirik orqanı olan, “şöhrəti Qafqaz hüdudlarını aşan” “Molla Nəsrəddin”in qarşısında kəskin şəkildə qoyulur ki, “din əlyehinə və məişət xarakterli jurnal kimi yenidən qurularaq, adı dəyişdirilərək “Allahsız” qoyulsun”. Bu işdə daha çox canfəşanlıq edən Azərbaycan “Allahsızlar İttifaqı”nın sədri İ.Dubinski olsa da öz “soydaş”larımızın da “əməyi” az olmayıb. Mirzə Cəlili Dubinski niyə sevmirdi? Əslində tək o yox Azərbaycanda söz, səlahiyyət sahibi olan rus və ermənilərin heç biri onu sevmirdilər. Çünki Mirzə Cəlil aprel işğalından sonra məqalələrində açıq-aydın “Azərbaycanın varidatının Rusiya tərəfindən talanmasının” əlehinə çıxaraq “...fevral və oktyabr inqilabları adı ilə məşhurlaşan hadisələrin imperiya xalqlarına, o cümlədən azərbaycanlılara xoşbəxtlik gətirə bilməyəcəyini dərk edirdi” və bunu heç gizlətmirdi də...

Yaxşı, Dubinski və dubinskikimilərin Mirzə Cəlili niyə sevmədiklərinin səbəbi bəlli oldu. Axı, “jurnalın düşmənləri arasında əhli-qələmlər də var idi”. Görəsən onlar niyə Mirzə Cəlilə, “Molla Nəsrəddin”ə qənim kəsilmişlər? Paxıllıq, xudbinlik, qısqanclıq... Onlar “İblisin fitnəsinə və əsarətinə” çulğalanaraq ““Molla Nəsrəddin” jurnalını islah etməli və bu günün tələbinə cavab verə biləcək şəklə salmalıyız” təklifilə çıxış etməklə kifayətlənmədilər. Dövrünün görkəmli yazarını nəinki tənqid, hətta təhqir etməkdən belə çəkinmədilər. Azərbaycan SSR Baş Mətbuat İdarəsinin müvəkkili İbad Əliyevin Xalq Maarif Komissarlığının elm, incəsənət və ədəbiyyat bölməsinə ünvanladığı məktubda Mirzə Cəlil həyasızcasına “siyasi cəhətdən geri qalmış, bisavad” adlandırılır.

Beləliklə, “köhnəni tənqid, yenini təbliğ” işində hakim ideologiyanın işinə yaramayan “Molla Nəsrəddin”i “Allahsız”a çevirmək üçün Mirzə Cəlilə qarşı qarayaxmaya başlandı, nə başlandı. Bu məsələdə dövrü mətbuat arasında “Kommunist” hegomonluğu ələ aldı. Qəzetin 12 noyabr 1929-cu il tarixli sayında Əli Vəliyevin “Molla Nəsrəddin” məcmuəsini islah etməli və bu günün tələbatına cavab verə biləcək bir şəklə salmalıyız” məqaləsi çap olunub. Məqalədən bir parçanı olduğu kimi diqqətinizə çatdırıram: “Vaktilə Zaqafkasya və Yakın Şərq türk xalqları arasında böyük nüfuza malik olan bu məcmuə bu gün get-gedə öz əsgi şəklini itirməkdədir. Məcmuənin nüfuzu yavaş-yavaş düşməkdədir. Abunəçilərin azlığı buna canlı misaldır. Məcmuənin böylə bir tənəzzülə uğramasının başlıca səbəbi yazıçı qüvvələrinin azlığı, zəifliyi, digər tərəfdən məcmuənin bu günki tələbata qətiyyən cavab verə bilməməsidir”.

Əli Vəliyevin jurnalın ətrafında zəif adlandırdığı yazarlar o zaman da, bu gün də Azərbaycan ədəbi mühitində təkrarolunmaz iz qoyan Mirzə Cəlil, Ömər Faiq Nemanzadə və başqaları idi. Sadəcə onlar bəzi yazarlarımızdan fərqli olaraq hökumətə xoş gəlmək üçün ağa qara deyərək hakim partiyanın ideologiyasını təbliğ edə bilmədikləri üçün “zəif yazarlar” adlandırılırdılar. Müəllif məqaləsində onların ərsəyə gətirdiyi “Molla Nəsrəddin”in dilini “bərbad dil” adlandıraraq tələb edirdi ki; “məcmuəni islah etmək və onun istiqamətini yeni quruluşa çevirmək üçün aşağıdakı təklifləri ediriz: “Molla Nəsrəddin” məcmuəsi allahsızlar ittifakının baş naşiri əfkar olsun; məcmuənin ətrafına proletar yazıçılar toplansın; məcmuənin əski karikatura və uslubu tamamilə dəyişdirilsin; məcmuənin qiyməti ucuzlaşdırılsın; işçi və kəndli müxbirləri ilə sıx əlaqə yaratsın və s”.

Maraqlıdır, Əli Vəliyevin bu təklifini digər yazarlarımız necə qarşıladı? “Kommunist”in 18 noyabr 1929-cu il tarixli sayında “Türk işçilərinə nə kibi bir jurnal lazımdı?” sərlövhəsi altında məqalələr verilib. Ə.Karabağlı və K.Nəsir imzası altında çap olunan yazılarda “məcmuəni kütlənin zövqünü oxşayan, nöqsanlarımızı satirik bir tərzdə göstərən ölkəmizdə sosializm quruluşu uğrunda mübarizə aparan bir Azərbaycan “Krakadili” halına salmaq lazımdır” söyləyən “ədəbiyyat səmələrinin xərifləmələrinə, tənqid pəltəklərinin kəkələmələrinə, qələm əqrəblərinin neştərlərinə tablaşan” Mirzə Cəlil meydanda tək qalsa da yolundan dönmədi. Azərbaycan K (b) P MK məktub yazaraq jurnalın “Allahsız” adı ilə çap olunmasına qəti etrazını bildirdi. Sözünə məhəl qoyulmayanda Mirzə Cəlil etiraz əlaməti olaraq nəinki jurnalın redaktorluğundan, hətta əməkdaşlıqdan da imtina etdi.

1931-ci ilin avqustunda “Allahsız”ın ilk sayı işıq üzü gördü. “Allahsız”ın gəlişi “bütün zamanların övladı, hər yeni nəslin yol yoldaşı olan əbədi Mirzə Cəlilin” həyatına son qoydu. Dörd ay, dörd gün sonra “sözü bu gün də ən kəsərli silah olaraq qalan, ömrü boyu bircə kəlmə belə olsun yalan yazmayan, kiməsə xoş gələn, könlünə yatan bircə kəlmə belə söyləməyən xalqını odlu ürəklə sevən vətənpərvər, ləyaqətini hər şeydən üstün tutan, vicdanının səsini eşidərək yazan, böyük yazar” Mirzə Cəlil dünyasın dəyişdi.

“İnsanda ləyaqəti, qüruru, heysiyyəti, mənliyi öldürən quruluş” Mirzə Cəlili məhv etdi. O, sovet dövrünün “əhliləşdirilmiş, uyğunlaşdırılımış yazarı” ola bilmədiyi üçün ömrünün son illərini və günlərini çox böyük çətinliklər içində “yaşadı”. Ömür-gün yoldaşı Həmidə xanımın “Xatirələrim”dən bəlli olur ki, hökumət onu daha çox maddi çətinliklərlə üz-üzə qoyduğu üçün Mirzə Cəlil ailədə sıxılırmış; “...əzab çəkir, əsəbi və gərgin olurdu. Kiməsə ağız açmağa isə üzü gəlmir, utanırdı. Ürəyində ağır götür-qoy edir, daim fikir çəkir...”.

Qarşımda Mirzə Cəlilin ömrünə son qoyan “Allahsız”ın birinci sayı var. Oxuyuram. “Azərbaycan Mübariz Allahsızlar” İttifaqının Mərkəzi və Baş Şurasının orqanı” olan jurnal “siyasi, ictimai, elmi, ədəbi, allahsız məcmuədir” şüarı ilə başlayır. Jurnalın üz qabığında başda böyük şiriftlərlə qırmızı rəngdə “Allahsız” yazılsa da onun yanında mötərizədə “Molla Nəsrəddin” yazılıb. Baş məqalə “Yeni Molla Nəsrəddin” adlanır və “Mübariz Allahsızlar” İttifaqı tərəfindən yazılıb. Ümumiyyətlə ilk sayda verilən yazıların heç birində imza yoxdur və kiçik həcmli məqalələrdən ibarətdir. Yalnız “Mubariz Allahsızlar” İttifaqı Mərkəzi Şurasının plenumunda şıxış edən Y.Yaroslavskinin məruzəsi, “Allahsızlar ölkə müdafiəsinə hazır olmalıdırlar” sərlövhəli İ.Dubinskinin çıxışı və “Dini mövhumatla 25 il qəhramancasına mübarizə edən yoldaş Cəlil Məmmdquluzadəyə mübariz allahsız salamı” adlı məqaləyə geniş yer verilib. Bu məqalə jurnalın məsul katibi Vəli Xulufluya məxsusdur və “Xuluflu” imzasına sonrakı saylarda da rast gəldim. İlk say 14 səhifədən ibarət olan jurnal “Baş Şaumyan küçəsi 20” ünvanında işıq üzü görüb.

“Allahsız”ın 1931-ci ilin sentyabr-oktyabr aylarında çap olunan ikinci və üçüncü sayları 23 səhifədən ibarətdir. Birinci saydan fərqli olaraq ikinci-üçüncü saylarda jurnalın idarə heyəti də qeyd edilib. “Məsul müdir: Vəli Xuluflu. Təhrir heyəti: Əhməd Əhmədov, Əhməd Trinç, Dubinski, V.Xuluflu, M.Səid Ordubadi, Sami Qamal”.

İkinci sayda “Oktyabr və din” adlı baş məqalə “Ağamir Məhəmmədov” imzası ilə verilib. Məqalədə Oktyabr inqilabının xalqımıza bəxş etdiyi “xoşbəxtlik”dən bəhs edən müəllif islam dinini ələ salmaqdan sanki zövq alır. Jurnalda verilən elandan belə aydın olur ki, onun abunə məsələsində dövrün tanınmış jurnalisti və siyasi xadimi Ayna Sultanovanın böyük rolu olub. İkinci və üçüncü saylarda məqalələrin əksəriyyətində imza var. Bu saylarda dövrünün tanınmış jurnalisti və yazarı Məmməd Səid Ordubadinin imzaları ilə daha çox rastlaşdım. “Zəlzələ” adlı şeir və “İran dustakxanasında” sərlövhəli məqalə ona məxsusdur. Bu saylarda çap olunan məlumatlarda bildirilir ki, Bakıda və ətraf rayonlarda, kəndlərdə, qəsəbələrdə hər ay “Mübariz Allahsızlar İttifaqı” üçün pul yığılıb. İttifaqın sədri Dubinskinin jurnalın redaksiyasına təqdim etdiyi arayışdan aydın olur ki, bu işdə Suraxanı, Binəqədi kəndləri fərqlənmişlər. Əslində Sovetlərin Azərbaycanı işğal etməkdə bir niyyəti var idi; onu müxtəlif adlar altında talamaq, parçalamaq, məhv etmək. Bunu jurnalda çap olunan yazılar da təsdiq edir. Məsələn, “Yeni üsul ilə zərbəli surətdə çalışmalı” sərlövhəli məqalədə müəllif yazır: “1931-ci ilin oktyabr ayının axırında, Zaqafkasya firqə təşkilatları öz işləri haqqında bolşevik firqəsinin ştabı olan Ümumittifaq Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinə haqq-hesab vermişdilər”. Fikir verin, “haqq-hesab”. Məqalədən aydın olur ki, bu haqq-hesabda Azərbaycanda yığılan pambığın, çıxarılan neft və neft məhsullarının və yaxud başqa təbii sərvətlərin nə qədəri “böyük qardaşa” göndərilib. Jurnalın dördüncü və beşinci saylarının üzərində çap tarixi 1931-ci ilin noyabr-dekabr ayları kimi yazılsa da, onun işıq üzü gördüyü vaxt M.Cəlilin vəfatı günlərinə təsadüf edib. Çünki jurnalın ikinci səhifəsində M.Cəlilin vəfatı münasibətilə şəkli verilib və idarə heyəti növbəsi saylarında bu haqda geniş məlumat verməyə söz verib. Həmin sayda Cəfər Xəndanın “Allahsız” şeri də çap olunub və elə bu saya məsul katib də C.Xəndan olub.

M.F.Axundov adına Azərbaycan Milli kitabxanasının dövrü mətbuat zalında “Allahsız”ın bütün saylarını gözdən keçirdim. Əvvala onu qeyd edim ki, jurnalın səhifələrində görkəmli yazarlarımızdan əsasən Məmməd Səid Ordubadinin, Vəli Xuluflunun və Cəfər Xəndanın imzası ilə rastlaşdım. Əksər imzalar nə o zaman, nə də sonra ədəbi aləmdə tanınmış imzalar deyil. “B.P.Stepanov”, “Zakalinskaya”, “B.Zukovski”, “Dubrovski”, “Bandukova”, “H.İsgəndərzadə” və b. Elə bu faktın özü bir daha sübut edir ki, “Allahsız” Azərbaycan ədəbi mühitində nəinki sevilməmiş, hətta qəbul belə edilməmişdir. Ona görə də ömrü çox az oldu. Jurnalın nə məzmunu, nə də forması nəinki “Molla Nəsrəddin”ə bənzədi, heç yarısı ola bilmədi. Baxmyaraq ki, Sovet rejiminin amansız qanunları ilə yaradılmışdı. Deməli, zaman, məkan bir daha sübut etdi ki, millətin, xalqın xoşlamadığını, qəbul etmədiyini yaşatmaq qeyri-mümkündür.

Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist

Xəbər lenti