AMEA-nın Folklor İnstitutu aprelin 5-də dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə “Məhəmməd Füzuli və Şərq folkloru” mövzusunda elmi konfrans keçirəcək.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, konfransda Məhəmməd Füzulinin zəngin bədii yaradıcılığında folklor qaynaqlarının, milli-mənəvi dəyərlərin araşdırılmasını əhatə edəcək məruzələr dinləniləcək. Konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə tezislərini martın 20-dək [email protected] ünvanına göndərə bilərlər. Bu tezislərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə martın 25-dək elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək. Məruzələrin tam mətni mayın 1-nə qədər təqdim edilməlidir. Konfransda məruzə etməyən şəxslərin məqalələri konfrans materialları toplusuna salınmayacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il 25 yanvar tarixli Sərəncamında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd edilməsi haqqında müddəalar öz əksini tapıb.
Məhəmməd Füzulinin yubileyinin beynəlxalq səviyyədə qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünyamiqyaslı mədəniyyət və sənət bayramı olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində uğurla davam etdirən Prezident İlham Əliyevin müvafiq Sərəncamı da klassik ədəbi-mədəni irsə verilən yüksək qiymətin təzahürüdür.