Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları elmtutumlu innovativ layihələr üzərində işləyən akademik heyət üçün nəzərdə tutulan “Təlimçilərin təlimi” (TTT-Training of Trainers) adlı proqramı müvəffəqiyyətlə başa vurublar.
Tehsil.biz xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə təşkil etdiyi proqramı uğurla bitirən BMU-nun Elm və İnnovasiya şöbəsinin müdiri, dos.Mayis Əzizov və Texnoparkın direktoru, dos. İsa Qasımova müvafiq sertifikatlar təqdim olunub.
Sözügedən proqram Azərbaycanda innovasiya ekosisteminin inkişafı istiqamətində peşəkar təlimçi və mentorların hazırlanması məqsədilə gerçəkləşdirilib. Beşhəftəlik proqramda iştirakçılar innovativ sahibkarlıq üzrə təlimlərin və praktiki tapşırıqların hazırlanması, habelə startap mentorluğu işinin təşkili üzrə hərtərəfli biliklər əldə etməklə mövcud səriştələrini təkmilləşdiriblər.
Cari ilin 8 yanvar-6 fevral tarixlərini əhatə edən proqramda BMU ilə yanaşı, ölkənin müxtəlif ali təhsil müəssisələri, eləcə də innovasiya ekosisteminin fərqli sahələrindən olan nümayəndələr iştirak ediblər.