Logo

ADA Universitetində tibbi aksiya keçiriləcək

14.02.2024 11:51 241 baxış
IMG

Fevralın 15-16-da Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası ADA Universitetində tibbi aksiya keçirəcək.

Tehsil.biz xəbər verir ki, bu barədə mərkəzin Elmi-məlumat, təşkilati-metodik bölməsindən bildirilib.

Qeyd olunub ki, universitetin tələbələrinə və müəllim heyətinə tibbi xidmət göstəriləcək.

Tibbi aksiyaların məqsədi pasiyentlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələr barədə müzakirə aparmaq və həll etməkdir. Lazım gəldikdə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır.

Qeyd olunub ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən 2005-ci ildən səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində əhaliyə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün aksiyalar keçirir. Mobil Oftalmoloji Klinikanın fəaliyyəti respublikanın ali təhsil müəssisələrinin tələbələrinin vaxtında yoxlanılması, refraksiya anomaliyalarının aşkarlanması və mümkün olan ağırlaşmaların qarşısını almaq üçün şəraitin yaradılması üçün vacibdir. Müasir səviyyədə oftalmoloji texnologiyaların inkişafı müxtəlif metodlarla refraktiv anomaliyaların vaxtında düzəldilməsinə və görmə funksiyalarının artırılmasına imkan verir. Gənc, iş qabiliyyətli insanların refraktiv anomaliyalarının təhlili bu patologiyaların vaxtında aşkarlanmasında və müalicəsində mobil oftalmoloji klinikanın əvəzsiz rolunu göstərib. Bütün bunlar həm ölkənin mərkəzi, həm də kənar bölgələrində göz xəstəliklərinin aşkarlanmasının vacibliyini təsdiqləyir. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı, 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

Xəbər lenti