Fevralın 14-də Audiovizual Şurada ümumölkə yerüstü və peyk yayımında olan televiziya yayımçılarının məsul şəxsləri ilə görüş keçirilib.
Audiovizual Şuradan "Tehsil.biz"ə bildiriblər ki, görüşdə Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətin həyatında mühüm əhəmiyyətə malik istiqamətlər üzrə qəbul olunmuş məqsədli dövlət proqramlarına, strategiya və fəaliyyət planlarına uyğun olaraq televiziya yayımçılarının üzərinə düşən vəzifələr və onların icrasına dair məsələlər diqqətə çatdırılıb.
Audiovizual mediada uşaqların əqli, mənəvi və fiziki inkişafına mənfi təsir göstərən yayımlara qarşı mübarizə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə, gənclər arasında ailənin və nikahın əhəmiyyəti, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə mövzularında proqramların hazırlanması və yayımlanması ilə əlaqədar yayımçılara zəruri tövsiyələr verilib. Həmçinin yayımçılar tərəfindən Audiovizual Şuraya təqdim olunan hesabatlara dair məsələlər müzakirə edilib.
Görüşdə ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının proqram rəhbərləri və səlahiyyətli şəxsləri, Audiovizual Şuranın hüquq və kommunikasiya üzrə əməkdaşları iştirak ediblər.