Logo

Gənclər Kitabxanasında “Professor Asif Rüstəmli–70” elektron məlumat bazası istifadəyə verilib

16.02.2024 17:41 302 baxış
IMG

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən görkəmli tədqiqatçı-alim, tanınmış Azərbaycan ədəbiyyatşünası, professor Asif Rüstəmlinin 70 illik yubileyi münasibətilə elektron məlumat bazası yaradılıb.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, bazada Asif Rüstəmlinin həyat və elmi fəaliyyəti, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, tərtib etdiyi kitablar, tərcümələri, məqalələri, müsahibələri, dissertasiya və avtoreferatları təqdim edilir.

Elektron məlumat bazasında “Professorun dəyərli fikirləri”, “Ədəbiyyatın layiqli sıra nəfəri” kimi bölmələrlə yanaşı, Asif Rüstəmlinin Azərbaycan, türk və rus dillərində çap olunan kitab və məqalələri, təltif və mükafatları haqqında məlumatlar da yer alır. Elektron məlumat bazasında professorun video və fotoqalereyası, virtual kitab sərgisi də sərgilənir.

Kitabxananın rəsmi saytında yerləşdirilən elektron baza ilə tanış olmaq istəyənlər bu linkdən – https://ryl.az/melumat-bazalari/Professor_Asif_Rustemli_el_melumat_bazasi/index.html  keçid edə bilərlər.

Qeyd edək ki, Asif Rüstəmli 15 kitabın, 350-dən çox elmi, publisistik məqalənin və məruzənin müəllifi, 20 kitabın tərtibçisi, 2 kitabın tərcüməçisi, çoxsaylı kitabların redaktoru və rəyçisi olub, onlara ön söz yazıb. Elmi məqalələri xarici ölkələrdə türk, fars, rus, polyak və macar dillərində çap olunub. Ssenariləri əsasında “Günəş Şərqdən doğur”, “İstiqlal fədaisi”, “Nurlu gələcək naminə” sənədli filmləri çəkilib, Moskvanın “Kinoprodukt” Studiyasının çəkdiyi “Əfsanənin əks üzü” seriyasından “26 Bakı komissarı” sənədli filminin elmi məsləhətçisi olub və filmdə yer alıb.

1992-1996-cı illərdə Azərbaycan Televiziyasında yayımlanan “Yaddaş” və “Tarix bizə nə deyir” verilişlərinin ssenari müəllifi və aparıcısı olub.

Xəbər lenti