12-16 fevral 2024-cü il tarixlərində dövlət orqanlarının aparat və insan resurslarının idarə olunması üzrə struktur vahidi rəhbərləri üçün “İdarəetmədə kouçinqin bir metod və alət kimi tətbiqi” mövzusunda təlim təşkil edilib.
Tehsil.biz xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin müdiri Pərviz Kazımov tərəfindən keçirilən iyirmi saatlıq təlim proqramı çərçivəsində iştirakçılara kouçinqin müxtəlif növləri, əyani alətləri və dövlət qulluğu çərçivəsində səmərəli tətbiqi yolları barədə ətraflı məlumat verilib. Bundan əlavə, praktiki çalışmalar, demo kouçinq seansları, rol oyunları, interaktiv müzakirələr vasitəsilə iştirakçıların müvafiq təcrübə qazanmalarına imkan yaradılıb.
Yekun müzakirələr zamanı orqan nümayəndələri dövlət qulluğunda insan resurslarının inkişafı və səmərəli iş mühiti yaradılması baxımından sistemli kouçinq xidmətinin mümkün faydalarını vurğulamaqla yanaşı, bu mövzuda təlimlərin genişləndirilərək davam etdirilməsinin əhəmiyyətli olduğunu qeyd ediblər.