Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyasının (ASA) həyata keçirdiyi “Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” layihəsi və Milli Təlim Proqramı çərçivəsində “MTP010-TL24-2” təməl liderlik təliminin iştirakçıları, namizəd skaut liderləri üçün Bakı şəhərində ilkin skaut təlimi baş tutub.
ASA-dan "Tehsil.biz"ə bildirilib ki, ölkəmizin 14 rayon və şəhərindən olan namizəd skaut liderləri 3 sessiyadan ibarət təlimin birinci sessiyasında “Dünyada skautinq” mövzusunda biliklərini artırıblar. Sessiya ASA-nın böyükyaşlı üzvü, DHST-nin komitəsinin gənc məsləhətçisi Fatimə Əliyeva tərəfindən aparılıb.
İkinci sessiya Dünya Skaut Hərəkatı Təşkilatının “Zərərdən müdafiə” siyasəti ilə bağlı olub. Milli Komitə üzvü, DHST-nin SFH üzrə konsultantı Ülkər Xanlarova təlimçi qismində çıxış edərək interaktiv təlim metodları ilə yeni bilik, bacarıq və dəyər əsaslı səriştələri iştirakçılara çatdırıb.
Assosiasiyanın milli baş müvəkkili Ülvi Məmmədov tərəfindən təqdim edilən “Dəyişikliklərə “hazır ol!” adlı sessiyada iştirak edən müdavimlər suallarına cavab tapıblar.