Logo

“Ziyayi Qafqaziyyə (1880-1884)” kitabının təqdimatı olub - FOTO

20.02.2024 17:05 266 baxış
IMG

Fevralın 20-də Mətbuat Şurasının və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Ziyayi Qafqaziyyə (1880-1884)” kitabının təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, təqdimatda çıxış edənlər kitabın Azərbaycanın mətbuat tarixinin öyrənilməsində əhəmiyyətli material olduğunu vurğulayıblar.

Bildirilib ki, Azərbaycan mətbuatı nümunələrinin ərəb qrafikasından, əski əlifbadan müasir latın əlifbasına çevrilərək kitab halında yenidən nəşr edilməsinə xüsusi diqqət yetirilir.

Bu sahədə vaxtilə çalışmış mərhum Müştəba Əliyevin (1954-2017) xidmətləri ayrıca qeyd edilməyə layiqdir. Fədakar tədqiqatçı uzun illər ərzində “Ziyayi Qafqaziyyə” qəzetini də latın qrafikasında çapa hazırlayıb. Bu mənada Müştəba Əliyevin “Ziya” va “Ziyayi Qafqaziyyə” qəzetlərini latın qrafikasına çevirməsi Azərbaycanda mətbuat tarixçiliyinə əsl xidmət nümunəsidir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Ziyayi Qafqaziyyə” qəzetinin də latın qrafikasına transliterasiya edilmiş toplusunu kitab halında nəşr etməklə, ilk növbədə, Müştəba Əliyevin zəhmətinə və xatirəsinə yüksək ehtiramını ifadə edir.

Eyni zamanda, “Ziyayi Qafqaziyyə” qəzetinin ilk dəfə latın qrafikası ilə nəşr edilərək oxuculara və tədqiqatçilara çatdırılması milli mətbuat tariximizin keçdiyi çətin və şərəfli yolun dərslərini, bu qəzetin günümüz üçün də əhəmiyyətli olan maarifçi ideyalarını yeni nəsillərə təşviq etmək baxımından faydalıdır.

Qeyd edək ki, “Ziyayi Qafqaziyyə” qəzetinin transfoneliterasiyası - “Ziyayi Qafqaziyyə (1880-1884)” adlı kitab Nizami adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çapdan çıxıb.

“Elm və təhsil” nəşriyyatında ərsəyə gəlmiş kitabın baş redaktoru və ön söz müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, çapa hazırlayanı və professor Vüqar Əhməd, rəyçiləri akademik Teymur Kərimli, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli və filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.

Onu bildirək ki, “Ziyayi Qafqaziyyə” qəzetini transfoneliterasiya edən, lüğət, izah və şərhlərin müəllifi mərhum alim, “Vətən uğrunda” qəzetinin baş redaktoru olmuş Müştəba Əliyevdir.

Xəbər lenti