Bakı Mühəndislik Universiteti (BMU) və ABŞ-nin “Neoterican” şirkəti arasında əldə olunan razılaşmaya əsasən, xarici tələbə və şagirdlər üçün “Yay məktəbi” təşkil olunacaq.
Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.
“Neoteric Study Azerbaijan” xaricdə təhsil proqramı çərçivəsində BMU-da baş tutacaq ödənişli “Yay məktəbi” 30 iyun - 8 iyul 2024-ci il tarixlərini əhatə edəcək.
“Sahibkarlıq və innovasiyaların idarə edilməsi”, “Təşkilati davranış”, “Əməliyyatların idarə edilməsi”, “Biznesin idarə edilməsi”, “Marketinq”, “İnsan-kompüter qarşılıqlı əlaqəsi” istiqamətləri üzrə təşkil olunacaq “Yay məktəbi”ndə 14 və daha böyük yaş həddində olan gənclər iştirak edə bilərlər.
Proqramla maraqlananlar müvafiq link (https://neotericstudy.com/azerbaijan/register/) üzərindən qeydiyyatdan keçməlidirlər.
“Yay məktəbi” iştirakçları üçün modul sessiyaları başa çatdıqdan sonra Bakının tarixi və mədəni mərkəzlərinə səfərlər təşkil ediləcək.
Təhsil proqramının yekununda iştirakçılara müvafiq sertifikatların verilməsi nəzərdə tutulur.