Logo

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” müsabiqəsi yekunlaşıb

07.04.2021 11:01 84 baxış
IMG

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı onlayn beynəlxalq yaradıcılıq müsabiqəsinə yekun vurulub.

 

2020-ci ilin noyabr ayından start verilən müsabiqənin cari ilin yanvar-mart aylarında yarımfinal və final mərhələləri keçirilib. 4 nominasiya (esse, şeir, mahnı, nitq) və 4 yaş kateqoriyası (9-11, 12-14, 15-17, 18-28) üzrə təşkil edilən müsabiqədə iştirak üçün Azərbaycan ilə yanaşı Türkiyə, İran, İsveçrə, İsveç, Polşa, Pakistan, Kanadanı təmsil edən 705 uşaq və gənc müraciət edib.

 

Münsiflər heyəti tərəfindən hər nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Müsabiqənin nəticələrinə əsasən, esse nominasiyası üzrə 388 iştirakçıdan 12 nəfər, mahnı nominasiyası üzrə 25 iştirakçıdan 8 nəfər, nitq nominasiyası üzrə 109 iştirakçıdan 14 nəfər, şeir nominasiyası üzrə isə 183 iştirakçıdan 13 nəfər qalib olub.

 

Qaliblər Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları, digər iştirakçılar isə sertifikatla təltif olunublar.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqənin təşkilində məqsəd işğal olunmuş torpaqlarımızın azad olunması münasibətilə yeni bədii mətnlər yaratmaq, uşaqlar və gənclərdə hərbi vətənpərvərlik ruhunu daha da yüksəltmək, onlara milli həmrəylik və qəhrəmanlıq hisslərini aşılamaq, həmçinin istedadlı uşaqları üzə çıxarmaqla onların bədii-estetik səviyyəsini yüksəltməkdən ibarət olub.

Xəbər lenti