Logo

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin kursantları AMEA-da olublar - FOTOLAR

23.02.2024 13:27 403 baxış
IMG

Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin kursantları Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Rəyasət Heyətində olublar.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, akademiyanın Rəyasət Heyətinin tarixi binası ilə tanış olan kursantlara binanın inşa olunma tarixi barədə məlumat verilib. Vaxtilə İsmailiyyə sarayı adlandırılan bu binanın əsasının tanınmış Azərbaycan milyonçusu Musa Nağıyev tərəfindən 1907-ci ildə qoyulduğu və binanı dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirdiyini qonaqların nəzərinə çatdırıb. Bildirilib ki, Müsəlman Xeyriyyə Cəmiyyəti üçün nəzərdə tutulmuş binanın layihəsini polyak memarı, mülki mühəndis İosif Ploşko hazırlayıb. Həmçinin Azərbaycan Elmlər Akademiyası yarandığı gündən bu quruma rəhbərlik etmiş bütün prezidentlər barədə məlumatlar qonaqların diqqətinə çatdırılıb.

Daha sonra DSX-nin Xüsusi Məktəbinin kursantları AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ilə görüşüblər.

Akademik İsa Həbibbəyli kursantların bu elm ocağına ziyarətinin AMEA həyatında fərqli səhifə olduğunu və bu görüşün iki qurum arasında körpü rolunu oynadığını söyləyib. Fevralın 21-də akademiyada Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri ilə baş tutan görüşü xatırladan alim bugünkü tədbirin qələmlə silahın, ordu ilə ziyalının birliyinin, həmçinin elmlə silahlı qüvvələrin həmrəyliyinin əyani sübutu olduğunu vurğulayıb.

XXI əsrin dünyada yeni elmi inqilab və texnoloji inkişaf çağı hesab olunduğunu deyən akademik İsa Həbibbəyli tarixə yeni nəsil müharibə kimi düşmüş İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarından, müasir silah və texnikalardan geniş istifadə edildiyini diqqətə çatdırıb.

AMEA rəhbəri kursantlara vətənpərvərlik keyfiyyətlərinin formalaşdırılmasının vacibliyini qeyd edib, peşəkar, vətənpərvər, savadlı, texnoloji yenilikləri mənimsəməyə və tətbiq etməyə qabil müasir dünyagörüşlü kadrların yetişdirilməsinin önəmini vurğulayıb.

Sonra çıxış edən DSX-nin Xüsusi Məktəbinin müəllimi Cabir İsgəndərov səmimi qəbula və qonaqpərvərliyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

Xəbər lenti