Çoxəsrlik inkişaf yolu və zəngin ənənələri olan Azərbaycan elminin böyük simaları arasında görkəmli alim və ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Akif Əlizadənin özünəməxsus xidmətləri və xüsusi yeri vardır.
Akademik Akif Əlizadə ölkəmizdə və beynəlxalq aləmdə geologiya sahəsində özünün elmi məktəbini yaratmış, yaradıcı fəaliyyətlə yüksək təşkilatçılıq işini və vətəndaşlıq missiyasını üzvi surətdə əlaqələndirməyi bacaran böyük alim-təşkilatçı kimi qəbul olunur. Təxminən 70 ildən çoxdur ki o, geniş mənada yer elmləri və təbiət elmlərinin, xüsusən də geologiya elminin inkişafı sahəsində yorulmadan ardıcıl və səmərəli şəkildə fəaliyyətini böyük uğurla davam etdirməkdədir.
Akademik Akif Əlizadənin şəxsi və elmi bioqrafiyası geniş mənada geologiya elmi və Milli Elmlər Akademiyası, xüsusən də Azərbaycan geologiyası ilə üzvi surətdə bağlıdır. Geologiya Akif Əlizadə üçün elmlə həyatı birləşdirən möhkəm bir körpüdür. Abşeron coğrafiyası mühitində formalaşmış, Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirmiş, qısa müddət Suraxanıneft mədənlərində çalışmış Akif Əlizadə 1957-ci ildən etibarən taleyini həmişəlik olaraq geologiya elminə bağlamışdır. Artıq 67 ildir ki o, Azərbaycan geologiya elminin inkişafı yollarında ardıcıl olaraq, yorulmadan, səmərəli şəkildə fəaliyyət göstərməkdə, çalışmaqda davam edir.
Məlum olduğu kimi, Azərbaycanda geologiya elmi son yüzillikdə formalaşmışdır. Ölkənin təbii sərvətləri nəzərə alınmaqla, Azərbaycanda neft geologiyası və dağ-mədən geologiyası daha çox inkişaf etmiş, perspektivli sahə kimi həmişə diqqət mərkəzində olmuşdur. Bununla yanaşı, XX əsrdə Azərbaycanda paleontologiya elm sahəsi də yaranmış və Təbaşir dövrünün öyrənilməsi istiqamətində özünəməxsus mühüm nailiyyətlər qazanılmışdır. Akif Əlizadə də həyatını bütünlüklə həm Azərbaycan, həm də dünya elmi üçün yeni və aktual olan paleontologiya sahəsinə həsr etmişdir. Yer kürəsinin Mezozoy qatının dərinliklərində baş verən proseslərin geopaleontoloji baxımdan tədqiqi Akif Əlizadənin ciddi, səmərəli və çoxillik araşdırmaları ilə yeni bir dərinlik qazanmışdır.
Akademik Akif Əlizadənin tədqiqatları Aralıq dənizi ətrafından Qafqaza və Xəzər dənizi hövzəsinə qədərki böyük bir coğrafiyanı əhatə edir. Görkəmli elm xadimi Akif Əlizadənin özünəməxsus paleontoloji metodları və yanaşmaları ilə, necə deyərlər, geologiya ilə yanaşı, coğrafiya, zoologiya, biokimya elmlərinin kompleks tətbiqi əsasında və riyazi elementlərin cəlb edilməsi vasitəsi ilə Yerin təkinin daha dəqiq öyrənilməsinin möhkəm elmi əsasları yaradılmışdır. Akif müəllimin böyük uğurla 1961-ci ildə təqdim etdiyi namizədlik, 1969-cu ildə cəsarətlə müdafiəyə çıxardığı doktorluq dissertasiyaları Azərbaycan geopaleontologiyasında mühüm elmi hadisə kimi qarşılanmış və yüksək elmi qiymət almışdır. Görkəmli alimin imzası ilə yarım əsrdən artıq dövrdə təqdim olunan çoxsaylı elmi əsərlər, monoqrafik tədqiqatlar, mühüm nəzəri və təcrübi əhəmiyyətə malik olan məqalələr, elmi-kütləvi xarakterli araşdırmalar Azərbaycan geologiya elminin inkişaf yolunu, mühüm uğurlarını, əsas problemlərini və ana müddəalarını əks etdirən qiymətli və zəngin elmi-nəzəri irsdən ibarətdir.
Akademik Akif Əlizadənin əsərlərində Azərbaycan elmində ilk dəfə olaraq böyük bir coğrafiyanın geopaleontozoologiyası sistemli şəkildə tədqiq olunub ümumiləşdirilmişdir. Qafqazın Azərbaycan hissəsinin geopaleontozoologiyasının elmi əsaslarla tədqiqi də akademik Akif Əlizadənin adı ilə bağlıdır. Görkəmli alimin bu istiqamətdəki tədqiqatları Azərbaycan geologiya elminə, azərbaycanşünaslığa sanballı elmi xidmətin ifadəsidir. Kiçik Qafqazın və Macarıstanın timsalında Şərqi Avropanın Mezozoy qatının geopalentologiyasnın, Təbaşir dövrünün müqayisəli tədqiqi məsələlərini də ilk dəfə geniş elmi ictimaiyyətə akademik Akif Əlizadə təqdim etmişdir.
Müxtəlif illərdə Türkiyə, Rusiya, Böyük Britaniya, Norveç, İran alimləri ilə birgə apardığı, əksər məqamlarda rəhbərlik etdiyi elmi tədqiqatlar, beynəlxalq konfranslardakı məruzələri, dövlət reyestrlərinə daxil olan ixtiraları və patentləri akademik Akif Əlizadənin Azərbaycanda və beynəlxalq aləmdə elmi ictimaiyyət tərəfindən qəbul olunmuş görkəmli bir alim olduğunu isbat etmişdir. Akademikin elmi rəhbərliyi ilə Bakıda, Moskvada, Xarkovda nüfuzlu Dissertasiya şuralarında uğurla müdafiə etmiş tanınmış yetirmələrinin əsərləri ilə Azərbaycan geologiya elmi daha da zənginləşmişdir. Başçılıq etdiyi konkret elmi istiqamət əsasında yaradılmış laboratoriyada çalışan alimlərin sistemli tədqiqatları da bura əlavə olunarsa, ölkəmizdə məhz bu əsasla Təbaşir dövrünün geopaleontozoologiyası məktəbi formalaşmışdır. Bu, yəni Təbaşir dövrünün, Mezozoy qatının dərinliklərinin ozünəməxsusluqlarının və faunasının, stratiqrafik materiallarının tədqiq edilməsi və mühüm elmi nəticələrin əldə edilməsi böyük alimin Azərbaycan paleontologiya elmində yaratdığı yeni elmi istiqamətdir.
Bundan başqa, akademik Akif Əlizadə paleocoğrafiya, neft geologiyası, ekologiya istiqamətlərində də geologiya elmini daha dərinliklərə aparan qiymətli tədqiqat əsərlərinin də müəllifidir. Akademik Akif Əlizadənin rəhbərliyi ilə hazırlanmış və onun baş redaktorluğu ilə nəşr olunmuş "Azərbaycan geologiyası" səkkizcildliyi Vətən elminə sanballı töhfədir. Bu, akademikin rəhbərliyi ilə hazırlanmış Azərbaycanın sanballı geologiya ensiklopediyasıdır. Azərbaycan geologiyasının və geologiya elminin tarixi və problemləri, yaradıcıları və əsas simaları bu ensiklopedik xarakterli monoqrafik nəşrdə mövcud reallıqları və gələcək perspektivləri ilə birlikdə özünün elmi ifadəsini tapmışdır. Eyni zamanda akademik Akif Əlizadənin elmi rəhbərliyi və bilavasitə yaxından iştirakı ilə hazırlanmış "Geologiya elmi simalarda" kitabı da "Azərbaycan geologiyası" çoxcildliyini tamamlayan və daha da zənginləşdirən qiymətli ensiklopedik nəşr kimi mühüm əhəmiyyətə malikdir.
Akif Əlizadə həm də böyük elm təşkilatçısıdır. Heç şübhəsiz, bu istiqamətdə onun nəsil səcərəsindən - ata babası şeyxülislamlıq səviyyəsinə yüksəlmiş Axund Ağacavad oğlu Əlizadədən, tanınmış həkim və səhiyyə təşkilatçısı olmuş atası Ağamehdi Əlizadədən gələn genetikanın da özünəməxsus rolu vardır. Bundan başqa, ali təhsil aldığı Azərbaycan Sənaye İnstitutunda, uzun illərdən bəri yorulmadan fəaliyyət göstərdiyi Azərbaycan Milli Elmlər Akademiyasında gənclər təşkilatından, tələbə elmi cəmiyyətindən başlanan yolun təşəbbüskarlığı və təcrübəsi də ilkin bünövrə, möhkəm təməl mənasında mühüm rol oynamışdır. O, gənclər təşkilatının sədri kimi səmərəli fəaliyyəti ilə Akademiya Gənclər Təşkilatının tarixinə özünün möhürünü vurmuşdur. Akif Əlizadə Elmlər Akademiyası sistemində ən gənc elmlər doktoru, ən cavan institut direktorunun müavini kimi ilklərə imza atmışdır.
Hələ 35 yaşında böyük uğurla doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi almış Akif Əlizadə təkcə bu elm sahəsində deyil, bütövlükdə Azərbaycan elmində ən gənc elmlər doktorlarından biri olmuşdur. Azərbaycan Elmlər Akademiyası sistemində 36 yaşında elmi-tədqiqat institutu direktorunun müavini, 42 yaşında isə Geologiya İnstitutunun direktoru vəzifəsinə yüksəlməsi elmi-təşkilati fəaliyyət baxımından ciddi bir rekorddur. Akademik Akif Əlizadə ölkə üzrə ən çox direktorluq stajına malik olan elm təşkilatçısıdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu 48 ildir ki, akademik Akif Əlizadənin rəhbərliyi altında səmərəli fəaliyyət göstərir. Bu gün Geologiya İnstitutu Azərbaycanda və dünyada mötəbər elmi mərkəzlərdən biri hesab olunur. İnstitutda yetişən elmlər doktorları və fəlsəfə doktorları, dosentlər və professorlar, Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri ölkəmizdə geologiya elminin tədqiqi, tədrisi, geoloji kəşfiyyat işlərinin idarə olunması, proqnozlaşdırılması sahələrində böyük mövqe qazanmış və Vətənə sanballı elmi töhfələr vermişlər.
Akademik Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasında elm sahəsində inkişafın bütün pillələrini keçmişdir. Geologiya İnstitutunda baş laborant kimi fəaliyyətə başlayan alimin kiçik elmi işçilikdən direktorluğa qədər keçdiyi zəngin və şərəfli yol, qazandığı böyük təcrübə, əldə etdiyi mühüm elmi nailiyyətlər sonrakı mərhələlərdə vəzifə iyerarxiyasında onun irəliyə doğru inkişafını şərtləndirmişdir. Elm sahəsində əldə etdiyi böyük nəticələrə və təşkilatçılıq istiqamətindəki mühüm təcrübəsinə görə akademik Akif Əlizadənin vaxtilə Elmlər Akademiyasında vitse-prezident vəzifəsinə seçilməsi elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Akademik Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olaraq özünü ölkəmizdə yer elmləri istiqamətinin lideri kimi təsdiq etmişdir. Onun böyük elmi nüfuzu və yüksək təşkilatçılıq təcrübəsi akademiyanın Yer Elmləri Bölməsinin əhatə etdiyi elmi-tədqiqat institutlarının işində yeniləşmə və canlanmanın yaranmasına təkan vermişdir. Bundan başqa, akademiyanın vitse-prezidenti kimi əhatə etdiyi beynəlxalq əlaqələr sahəsi də həmin dövrdə genişləndirilmişdir.
Görkəmli elm xadimi Akif Əlizadə 2013-cü ilin aprelindən 2019-cu ilin oktyabr ayınadək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuşdur. Akif Əlizadənin rəhbərliyi ilə akademiyada ölkəmizin elm strategiyasının, elmin inkişafı siyasətinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılmış, o cümlədən Milli Elmlər Akademiyasının cəmiyyətin inkişafındakı rolunun qüvvətləndirilməsi istiqamətində düşünülmüş tədbirlər müəyyənləşdirilib gerçəkləşdirilmişdir. Bundan başqa, həmin dövrdə Milli Elmlər Akademiyasının idarə edilməsinin təkmilləşdirilməsi sahəsində də bir sıra yeni təşəbbüslər irəli sürülmüş, zamanın tələbindən doğan təzə struktur bölmələr yaradılmış, elmin təşkilində və müasir idarəetmənin təmin olunmasında informasiya texnologiyalarının yeri və meydanı genişləndirilmişdir. Eyni zamanda A.Əlizadənin prezidentliyi dövründə bu ali elmi qurumda, xüsusən Humanitar və İctimai Elmlər bölmələrində azərbaycançılıq ideyaları ön mövqeyə çıxarılmış, fənlərarası, elm sahələri arası əlaqələrin təmin edilməsi, yaxınlaşdırılması işinə start verilmiş, AMEA-nın beynəlxalq əlaqələri genişləndirilmişdir. Akademiyanın rəhbərinin təşəbbüsü ilə elm məbədinin tarixində ilk dəfə olaraq Elm festivalı keçirilmişdir. Akademik Akif Əlizadənin "elmin təbliğinin effektiv forması" kimi qiymətləndirdiyi Bakı Elm Festivalı Azərbaycan elminin populyarlaşdırılması, elmin nailiyyətlərinin təbliği, yeni innovativ layihələrin nümayiş etdirilməsi baxımından əhəmiyyətli hadisəyə çevrilmişdir.
Milli Elmlər Akademiyası sistemində uzun illər ərzində həm də ardıcıl olaraq elmi-təşkilati fəaliyyətlə məşğul olması görkəmli alimin elm tarixi və müasir elmi proseslərlə əlaqədar baxışlarından ibarət olan elmi-publisistik məqalələrinin və müsahibələrinin də meydana çıxmasına şərait yaratmışdır. Akademiyanın "Elm" nəşriyyatının 2022-ci ildə 2 cilddə nəşr etdiyi "Azərbaycan elmi: Gələcəyə baxış" adlı seçilmiş məruzələr, çıxışlar, məqalələr və müsahibələr toplusu böyük elm təşkilatçısının elm sahəsinin müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsinə dair fikirləri və mülahizələrinin sanballı elmi salnaməsidir. "Azərbaycan elmi: Gələcəyə baxış" külliyyatı həm də Akif Əlizadənin çoxillik iş təcrübəsini, müşahidələri və mülahizələrini sistemli şəkildə əks etdirən əhəmiyyətli materiallar külliyyatıdır. Kitabdakı "Əsrin müqaviləsi və fundamental elmlərin inkişafı", "Müasir dünyanın çağırışları və Azərbaycan elminin prioritetləri" (2014), "Həyat fəlsəfəsi" (2015), "Elm və təhsilin inteqrasiyası: problemlər və perspektivlər" (2016), "Strateji yol xəritələri və Azərbaycan Milli Elmlər Akademiyası" (2018), "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan geologiya elmi" (2021) kimi məqalələr və müsahibələr Azərbaycan elmşünaslığının qiymətli nümunələridir. Akademik Akif Əlizadənin elm tarixinə və elmşünaslığa dair məqalələri və müsahibələri kitab halında çap etdirməsi onun mövcud təcrübəni gələcək nəsillərə çatdırması baxımından xidmətidir.
Onu yaxından tanıyanlar çox yaxşı bilir ki, Akif Əlizadə geniş elmi dünyagörüşü, zəngin həyat təcrübəsi, çoxillik idarəetmə bacarıqları ilə yanaşı, həm də böyük həyat eşqi, nikbinliyi ilə səciyyələnir. Gələcəyə optimist, nikbin baxış və ürək genişliyi Akif müəllimin xarakteridir. Akademik dünya ədəbiyyatına, Azərbaycan poeziyasına yaxından bələddir. Akademiya mühitində ictimai və elmi proseslərin təhlili və qiymətləndirilməsi proseslərində nadir poeziya incilərindən, poetik nümunələrdən yerli-yerində istifadə etməsi, seçilmiş ibrətamiz şeir nümunələrini əzbər deməsi Akif müəllimin həyat eşqinin ədəbiyyat vasitəsilə ifadə edilən təzahürləridir. Xüsusi maraq göstərdiyi, şeirlərini daha çox əzbər dediyi Hüseyn Cavidin yaradıcılığı görkəmli alim üçün həyatın və cəmiyyətin fəlsəfi dərkinin bələdçisi, Mikayıl Müşfiqin ilhamlı şeirləri isə həyat eşqinin qanadlı romantikasıdır.
Hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun direktoru kimi fəaliyyətini uğurla davam etdirən akademik Akif Əlizadə geologiya elminin inkişafı naminə geniş elmi-təşkilati iş aparmaqda davam edir. Son illərdə akademikin rəhbərliyi ilə Qarabağın geoloji atlası hazırlanıb nəşr edilmişdir. İnstitutda Azərbaycanın ən nadir sərvətlərindən biri olan palçıq vulkanlarının araşdırılıb öyrənilməsi sahəsində səmərəli elmi-tədqiqat işləri aparılır. Azərbaycanda palçıq vulkanları abidələrinin turizm obyektlərinə çevrilməsi həm də akademik Akif Əlizadənin rəhbərliyi ilə Geologiya və Geofizika İnstitutu alimlərinin bu sahədə əldə etdikləri mühüm elmi nəticələrin, işləyib hazırladıqları əsaslandırılmış elmi təkliflərin işığında yaranmış reallıqdır. Akif Əlizadənin baş redaktoru olduğu, Azərbaycan və ingilis dillərində çap edilmiş "Azərbaycanın palçıq vulkanları" albom-xəritəsi dünya geologiya elmi səviyyəsində böyük maraq doğuran unikal nəşrdir. Onun təşəbbüsü ilə 2022-2023-cü illərdə Bakıda gənc geoloq alimlərin yay və payız məktəblərinin təşkili və keçirilməsi isə geologiya elminin gələcək inkişafına ünvanlanmış əhəmiyyətli elmi layihədir.
Akademik Akif Əlizadə geologiya elmində xüsusi yeri və əhəmiyyəti olan qiymətli elmi əsərlərin müəllifidir. Onun 270 elmi əsəri, o cümlədən 15 monoqrafiyası, 6 müəlliflik şəhadətnaməsi almış ixtirası geologiya elminə mühüm elmi töhfələr kimi qəbul olunur. Alimin son illər 2 cilddə çap olunmuş "Seçilmiş əsərləri" geologiya elmini zənginləşdirən nəşrdir. Akademik Akif Əlizadənin elmi rəhbərliyi ilə hazırlanmış 2 elmlər doktoru və 16 fəlsəfə doktoru Azərbaycan geologiya elminin inkişafı yollarında inamla çalışmaqda davam edirlər. Görkəmli alim Rusiya Təbiət Elmləri Akademiyasının fəxri üzvüdür.
Azərbaycan dövləti böyük alim və elm təşkilatçısı, tanınmış ictimai xadim akademik Akif Əlizadənin çoxillik elmi-təşkilati fəaliyyətini yüksək qiymətləndirmişdir. Əməkdar elm xadimi fəxri adına layiq görülmüş akademik Akif Əlizadə "Şöhrət", "Şərəf", "İstiqlal", I dərəcəli "Əmək" ordenləri ilə təltif olunmuşdur. O, Respublika Dövlət mükafatı laureatıdır.
Azərbaycan elminin cavanlıq eşqi ilə yaşayıb çalışan müdrik ağsaqqalı, Azərbaycan Respublikası Elm və Təsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadəni ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və elmimizin, ictimai fikrimizin inkişafı yollarında daha böyük uğurlar arzulayırıq.
İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı, akademik