Logo

BMU TGT-nin təşkilatçılığı ilə Xocalı soyqırımı anılıb - FOTO

26.02.2024 12:14 141 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, soyqırım qurbanlarının və şəhidlərimizin xatirəsinin anılması, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə BMU-nun Ümumi fənlər kafedrasının baş müəllimi, tarixçi alim Elnur Nəciyev Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib.

Natiq misli görünməmiş qətliamın törədilməsinin səbəbləri, eyni zamanda Azərbaycanın ən qədim yurd yerlərindən olan Xocalının strateji əhəmiyyəti, eramızdan əvvəl XVII–XIII əsrləri əhatə edən Xocalı abidələri kompleksinin barbarlıqla məhv edilməsi haqqında ətraflı məlumat verib. O, çıxışında Xocalıda şəhid olan Azərbaycan Milli Qəhrəmanlarının- Əlif Hacıyev, Tofiq Hüseynov, Aqil Quliyev, Ələsgər Novruzov kimi vətən oğullarının göstərdiyi qəhrəmanlıqlardan da bəhs edib.

Tədbirdə Xocalı soyqırımın təbliği, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan "Xocalıya ədalət" beynəlxalq kampaniyası barədə dolğun məlumatlar nəzərə çatdırılıb. Çıxışlar zamanı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan parlaq qələbədən danışılıb, bu gün bayrağımızın digər azad olunmuş ərazilərlə yanaşı, Xocalıda da dalğalandığı xüsusi vurğulanıb.

Tədbirdə tələbələri maraqlandıran suallara ətraflı cavablar verilib.

Xəbər lenti