Logo

DİA-da Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib - FOTO

26.02.2024 17:02 177 baxış
IMG

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərin və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Azərbaycan xalqının 32 ildir Xocalı qətliamını ürəkağrısı ilə qeyd etdiyini bildirib. Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini qeyd edən rektor bu soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərin, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətindən danışıb.

Çəkdiyimiz ağrı-acıların bizi daha da möhkəmləndirdiyini vurğulayan U.Ələkbərov deyib: “Azərbaycan qətiyyətli və müdrik siyasi xadim, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar qazanacaq. Hər birimiz müstəqilliyimizin, suverenliyimizin keşiyində ayıq-sayıq dayanmalıyıq. Xalq olaraq, keçmişdən, faciələrimizdən dərs almalıyıq”.

Məclisin deputatı Aydın Mirzəzadə indi də bəzi qüvvələrin ölkəmizin suverenliyini, müstəqilliyini qəbul etmək istəmədiklərini diqqətə çatdırıb, başımıza gətirilmiş digər faciələrin əsas səbəbini həmin dövrdə müstəqil olmamağımızla izah edib.

"Biz çox güclü olmalıyıq", - deyən deputat bildirib ki, ermənilər zaman-zaman Azərbaycanı öz kökündən qoparmağa, xalqımıza məxsus olanları özününküləşdirməyə çalışsalar da, buna nail ola bilməyiblər.

Sonra Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru, əslən Xocalıdan olan Həvva Məmmədova Xocalı soyqırımını Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb.

Qətliamın günahkarlarının cəzalandırılmamasından təəssüfləndiyini bildirən professor diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində heç bir mülki erməninin burnu belə qanamayıb, onlar incidilməyib. Bu, Azərbaycan xalqının və dövlətinin humanistliyindən xəbər verir.

H.Məmmədova vurğulayıb ki, bu gün bayramlarımız kimi, faciələrimiz də ölkəmizin bütün ərazisində qeyd olunur.

“Bu gün Xocalıda, Şuşada, Xankəndidə Azərbaycan Bayrağının dalğalanması qəlbimizi qürur hissi ilə doldurur”, - deyə Həvva Məmmədova əlavə edib.

Digər çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində Zəfər qazanmaqla düşmənə dərs verdiyini vurğulayıblar. Xatırladılıb ki, 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olunub. Bütün keçmiş məcburi köçkünlər kimi, xocalılılar da tezliklə evlərinə qayıdacaq və yenidən doğma yurdlarında həyata başlayacaqlar.

Xəbər lenti