“Distant təhsil heç vaxt əyani təhsili əvəz edə bilməz”.
Bunu APA TV-yə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
O bildirib ki, çünki emosional öyrənmə mühiti deyilən bir anlayış var: “Göz təması, ünsiyyət, yanaşma –hamısı vacib məqamlardır. Hər gün şagirdin səhər qalxıb məktəbə getmə vərdişi, məktəbdə ünsiyyətdə olması, idman dərsləri hamısı sağlamlıqdır. Sağlam psixoloji mühitin formalaşması bu prosesdə baş verir. Amma təəssüf ki, indi şagirdlərimiz dörd çərçivə içərisindədir. Uşaqlar yataqdaca dərsə qoşulurlar. Bu, sağlamlığa, psixoloji duruma da təsirini göstərəcək”.
M.Vəliyeva qeyd edib ki, ünsiyyət prosesi əsas məsələlərdən biridir: “Öyrənmə ünsiyyət prosesi məqamında baş verir. Şagirdlər təmasa və ünsiyyətə ehtiyac duyurlar”.
BŞTİ müdiri qeyd edib ki, distant təhsilin də üstün cəhətləri var: “Distant təhsilin müxtəlif materialların çevik mənimsənilməsində üstün cəhəti var. Bundan başqa iqtisadi səmərəlilik məsələsi var. Sağlamlığı məhdud insanların distant təhsildən istifadə imkanları bu təhsilin üstün cəhətidir".