Fevralın 23-də ölkədə ilk dəfə təşkil olunan ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasında II dövrəyə start verilib.
Tehsil.biz xəbər verir ki, liqanın A qrupunda mübarizə aparan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandalarının qarşılaşması olub. Oyunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası 5:1 hesabı ilə qalib gəlib.
Azərbaycan Texniki Universitetinin idman kompleksində 12 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarışa 2024-cü ilin may ayında yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.
Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, həmçinin tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasıdır.