Logo

Böyük Qayıdışın yeni ünvanı Xocalı

26.02.2024 23:33 212 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti, qalib Ali Baş Komandan kimi İlham Əliyevin qədim Azərbaycan torpağı olan Qarabağı erməni işğalından azad etməsi ölkəmizin çoxəsrlik tarixinin misilsiz və nadir tarixi hadisəsidir.

 Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməkdə olan Böyük Qayıdış hərəkatının işığında erməni qəsbkarları tərəfindən dağıdılmış şəhərlərimizin əsaslı şəkildə yenidən qurulması ilə xalqımızla birlikdə Azərbaycan təhsilinin, milli mədəniyyətimizin və ictimai fikrimizin də Qarabağa Böyük Qayıdışı hadisəsi baş verir.

      Bəli, yüz illər boyunca erməni şovinist millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan məqsədli soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifələrindən olan, öz amansızlığına və qəddarlığına görə bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri hesab edilən Xocalı soyqırımının törədilməsindən 32 il ötür.

     Azərbaycanın qədim yaşayış məskəni olması, azərbaycan­lıların bölgədə say üstünlüyü ilə yaşaması, mühüm çayların ərazidən ax­ması, Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yer­ləşməsi, Arandan Dağlara gedən köç sürülərinin Xocalıdan keçməsi, rayonun Əsgəranla Xankəndi arasında yerləş­məsi Xocalının strateji əhəmiyyətini artırmış və mənfur siyasət sahiblərinin diqqətindən yayınmamışdır. Bütün bunlarla yanaşı erməni cəlladlarının məkrli bir niyyəti “dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq olmuşdur ki, Xocalı kimi qədim türk diyarının mövcudluğu bu “plan”a mane olurdu. Məhz bütün bunlara görə, erməni van­dalları Xocalı şəhərində tarixdə misli görün­məmiş soyqırımı törət­dilər. Qədim türk diyarını dünya xəritəsindən silmək məqsədilə xalqımızın başına müsibətlər gətirildi. Şəhər yerlə yeksan edildi, 700-ə yaxın azərbaycanlı ağır işgəncələrlə öldürüldü, Xocalı əhalisi qaçqınlıq, köçkünlük, didərginlik həyatını yaşamalı oldu.

      2020-ci ilin 44 günlük, 2023-cü ilin 23 saatlıq savaşından sonra göy üzündən qara buludlar çəkildi, əsir yurd yerlərimiz azadlığa çıxdı. Böyük Qayıdışın yeni ünvanı Xocalı – bir zamanlar göz yaşları ilə yola çıxan köç karvanlarının geriyə qayıdışına şahidlik edəcəkdi. İndi sevinmək növbəsi Xocalınındır. Analarımız, nənələrimiz taxcasını, boğçasını toplayır, tələsmək lazımdır, papağını hərləyib fırladacaqsan görüş vaxtı gəlib yetişəcək.

      İndi Xocalıda üçrəngli bayrağımız dalğalanır. Torpağı, gülü-çiçəyi, axan çayları, buz bulaqları, təbiətin, insan əlinin yaratdığı incilər rahat nəfəs alır. Burada abadlıq işləri gedir, öz doğma sakinlərini qarşılamağa hazırlaşır Xocalı. Böyük köçün Böyük Qayıdışı möhtəşəm olacaq. Artıq 3  ildir ki, işğaldan azad edilmiş torpaqlara köç geri dönür. Bu köç o köçdən deyil, üzlərdə təbəssüm, gözlərdə sevinc yaşı var. Bu köçün üzü Qarabağa, Şərqi Zəngəzuradır. Xocalı, qollarını geniş aç, elin gəlir…

      Biz gəlirik, Xocalı! İllərin nisgilini, ürəklərin həsrətini daşlara çırpıb, gəlirik! Müzəffər Ali Baş Komandanın “İrəli” əmri milyonların qəlbində əks-səda verdi, bütün türk dünyasında sevinc dolu bir inam yaratdı. İndi başı dumanlı Şuşa dağlarından qara buludlar çəkilib. İsgaldan azad olan doğma Laçının, Kəlbəcərin, Ağdamın, Qubadlının, Cəbrayılın, Zəngilanın, Şuşanın daha eyni açılıb, dağın-daşın üzü gülür. Canını, qanını torpağa fəda edən şəhidlərimizin çin olmuş arzularının qanadında gəlirik, Xocalı! Bu gün şəhid anası göz yaşlarını silib, – “Oğulları vətən üçün böyütmüşük, təki Vətən var olsun”, – deyir. Bu gün bağça uşaqları da körpə barmaqlarını büküb yumruqlarını qaldırıb, – “Qarabağ bizimdir!”, – söyləyirlər. Bu gün Ali Baş Komandanın dəmir yumruğu xalqımızın qəlbini coşduran qeyrət bayrağıdır. İndi hər qarışından qələbə ətri gəlir, Qarabağ! Şanlı vətən əsgərinin şücaəti, uğurlu döyüşləri qəlbimizdə çoxdan qaysaq bağlamış yaralara məlhəm oldu.

      Ali Baş Komandanın qətiyyəti ilə şanlı ordumuz doğma yurdu işğaldan azad etdi. İndi üçrəngli müqqədəs bayrağımız Şuşada, Laçında, Ağdamda, Kəlbəcərdə, Qubadlıda, Cəbrayılda, Zəngilanda zəfər sevinci ilə dalğalanır. Bu müqqədəs savaşda şəhidlik zirvəsinə ucalan oğulların nakam ömrü bizi ağrıtsa da, verdiyimiz itkilərə təəssüflənsək də, sarsılmırıq. Çünki vətən yolunda şəhid olanlar əbədi olaraq sıralarımızdadır. Şəhidlər ölmür. İndi bütün şəhidlərimizin ruhu şaddır. Biz gəlirik, Xocalı! Daha düşməndən intiqamımızı almışıq. Böyük Qələbə sevincimiz sənin yaralarına məlhəm olacaq! Biz gəlirik, Qarabağ! Sənin hər qarışına çəkilən zəfər köynəyi geymiş yolla gəlirik. Gözlərin aydın, Qarabağ!

       Artıq Xocalı şəhərinin mərkəzində 283 evdə əsaslı təmir-bərpa işi aparılır. Eyni zamanda Xocalı şəhərinin bütün kommunikasiya xətləri qurulur, yeraltı işləri həyata keçirilir. Qarlı-şaxtalı hava şəraitinin olmasına baxmayaraq, gecə saatlarına qədər işlər davam edir. Xocalı şəhəri dağıntılarla bərabər, ekoloji terrora da məruz qalmışdı. Hazırda şəhəri yabanı bitkilərdən, məişət tullantılarından təmizləmə işləri də davam edir.

Qayıdış prosesinin sürətləndirilməsi üçün görülən işlər isə hər birimizi kifayət qədər qürurlandırır. Xocalı sakinləri artıq doğma torpaqlarına qovuşacaqlar. Bir zamanlar ata-baba ocaqlarından didərgin düşən soydaşlarımız bu gün böyük fəxarət və inamla torpaqlarına qayıdacaqları günü səbrsizliklə gözləyirlər.

Bu sevinci bizlərə yaşadan şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik, onlara  Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.

Gülər Əjdərzadə, MDU-nun müəllimi

Xəbər lenti