Logo

Fəlsəfə və Sosiologiya İnstitutunda şair Rüstəm Behrudi ilə görüş olub - FOTO

27.02.2024 16:00 249 baxış
IMG

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda çağdaş Azərbaycan ədəbiyyatının və ümumtürk poeziyasının görkəmli simalarından olan şair Rüstəm Behrudi ilə görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, “Rüstəm Behrudi poeziyasının fəlsəfi dərki və özəlliyi” adlı tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli çıxış edib. O, “Rüstəm Behrudi poeziyasında Vətənçilik və Turançılığın vəhdəti” mövzusunda məruzəsində şairin yaradıcılığından nümunələr gətirərək onları təhlil edib: “Türk dünyasında öz dəst-xəti ilə seçilən, millətin, yurdun, vətənin tarixini şeirlərində əks etdirən şairlərdən biri Rüstəm Behrudidir. Şairin poeziyasını duymaq üçün onun təbliğ etdiyi ideyaları başa düşmək vacibdir. Rüstəm Behrudi Azərbaycan poeziyasında türkçülük ideyalarının alovlu tərənnümçülərindən biridir. Onun şeirlərində türkçülük, turançılıq ön sıralardadır, insan və zaman, insan və varlıq, insan və kainat paralellikləri dayanır”.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Tahirə Məmməd “Rüstəm Behrudi poeziyasında milli kimliyin bədii-fəlsəfi ifadəsi” mövzusunda çıxış edərək bildirib ki, şairin milli mənsubiyyəti türk, Vətəni Turandır. O, Turanın ayrı-ayrı bölgələrindən külək kimi keçir, keçdiyi yerləri arxada qoymur, onları birləşdirir.

Fəlsəfə elmləri doktoru Füzuli Qurbanov şairin şeirlərini fəlsəfi baxımdan şərh edib, Rüstəm Behrudinin yaradıcılığı ilə dünya ədəbiyyatı nümayəndələrinin yaradıcılığının müqayisəli təhlilini aparıb.

Tədbirdə AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, filologiya elmləri doktoru Pərvanə Bəkirqızı, dosent Şəmil Sadiq, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Gülşən Allahverdiyeva, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı, şairin tələbə yoldaşı, ədəbiyyat müəllimi Vasif Mehbalıyev və başqaları şairin yaradıcılığı haqqında düşüncələrini bölüşüblər.

Şərqşünaslıq İnstitutunun elmi işçisi Fidan Nəsirova şairin şeirlərindən nümunələr səsləndirib.

Rüstəm Behrudi görüşü təşkil etdiyinə və onun yaradıcılığına verilən qiymətə görə institutun rəhbərliyinə və iştirakçılara öz minnətdarlığını bildirib və şeirlərini oxuyub.

Xəbər lenti