Logo

QMİ sədri Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri ilə görüşüb - FOTO

27.02.2024 19:30 149 baxış
IMG

Fevralın 27-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə Allahşükür Paşazadə ölkələrimiz arasındakı qardaşlıq əlaqələrindən, dövlət başçılarımızın dostluq münasibətlərindən söz açıb. Bildirib ki, Səudiyyə Ərəbistanının ölkəmizi hər zaman dəstəkləməsi, Vətən müharibəsində bizimlə olması Azərbaycan xalqına qüvvət verib.

Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edən A.Paşazadə bildirib ki, ölkəmizdə məzhəblər arasında heç bir ayrı-seçkilik yoxdur. Qafqaz Müsəlmanları İdarəsi Şimali Qafqazda İslamın bütün ənənəvi məzhəblərinin vəhdətinin tərəfdarıdır. Dünyada İslam daxilində münaqişələrin hələ də davam etməsinə baxmayaraq, Azərbaycan öz daxilində bu kimi məsələlərin hamısını həll edib.

Şeyxülislam, həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında münasibətlər də çox yaxşı, qardaşlıq səviyyəsindədir. Ölkəmizdəki bu tolerantlığın bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. “Ümummilli Lider ikinci dəfə hakimiyyətə qayıdandan sonra dini liderlərlə görüşüb və onlara proqram təqdim edib. Biz bu gün də işimizi həmin proqrama uyğun qurmağa davam edirik. Ümummilli Lider Heydər Əliyev məktəbinin layiqli davamçısı, Zəfər Bayrağımızı azad edilmiş torpaqlarımızda ucaldan Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir”, - deyə QMİ sədri əlavə edib.

O, qonaqları, eyni zamanda, COP29 konfransı çərçivəsində BMT-nin dinlərarası pavilyonunun təşkil olunacağı və dini liderlər sammitinin keçiriləcəyi barədə məlumatlandırıb.

Nazir Taufiq bin Fauzən Əl Rabiə bu gün Prezident İlham Əliyevlə görüşündən böyük məmnunluqla danışıb. Bildirib ki, bu, iki ölkə arasında olan yüksək səviyyəli əlaqələrin nəticəsidir.

Taufiq bin Fauzən Əl Rabiə qeyd edib ki, Səudiyyə Ərəbistanı Azərbaycanı torpaqlarının azad edilməsi məsələsində daim dəstəkləyib. O, Azərbaycanda, Qafqazda müsəlmanlar arasında birliyin olmasını sevindirici hal kimi qiymətləndirib.

Azərbaycandan zəvvarların, turistlərin Səudiyyə Ərəbistanına getmələri üçün prosesin daha da asanlaşdırıldığını deyən nazir diqqətə çatdırıb ki, artıq vizanı onlayn və ya hava limanında əldə etmək mümkündür. Qonaq, eyni zamanda, Azərbaycandan Səudiyyə Ərəbistanına gedən müsəlmanların sayının artırılması üçün lazımi dəstəyin göstərilməsinə hazır olduqlarını deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti