Logo

AzMİU tələbələri Gürcüstanda fitnes mərkəzinin interyer dizayn işlərini icra edəcəklər - FOTO

27.02.2024 20:38 177 baxış
IMG

“Technogym Azerbaijan” şirkəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbə və müəllimləri ilə birgə Gürcüstanda “Hotel Fitnes Mərkəzinin daxili mühitinin yaradılması” layihəsini reallaşdıracaq.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, İtaliya-Azərbaycan Dizayn Mərkəzi və “Technogym Azerbaijan” şirkətinin təşkilatçılığı ilə həyata keçiriləcək layihənin əsas məqsədi dizayn ixtisası üzrə təhsil alan tələbələrlə birgə Hotel Fitnes Mərkəzinin daxili dizaynı ilə bağlı trendlər və tələbləri araşdırmaqdır.

Layihənin ilk günü İtaliya-Azərbaycan Dizayn Mərkəzində “Technogym Azerbaijan” şirkətinin əməkdaşı Gürcüstanda reallaşdırılması nəzərdə tutulan layihə barədə geniş təqdimatla çıxış edib. Mühit dizaynı kafedrasının müəllim və tələbələrinin iştirak etdikləri görüşdə universitet, şirkət və tələbə tandemi, layihəyə qoyulan tələblər, görüləcək işlər, diqqət olunmalı məqamlar ətrafında söhbət aparılıb.

Şirkətin əməkdaşı bildirib ki, layihə 2023/2024-cü tədris ilinin yaz semestrini əhatə etməklə fevralın 15-dən mayın 25-dək icra olunacaq. Layihə tələbələrə yaz semestri ərzində kurs işi tapşırığı kimi veriləcək və tədris proqramına uyğun olaraq həyata keçiriləcək. Layihədə iştirak edəcək müəllimlər öncədən şirkətin məhsulları və onların özəllikləri barədə məlumatlandırılacaq, mütəxəssislər tərəfindən təlimatlandırılacaq. Layihənin sonunda təqdim olunmuş işlər həm kurs işi kimi qiymətləndiriləcək, həm də müsabiqəyə təqdim ediləcək.

Müsabiqədə qalib gələn tələbələrə hədiyyə və sertifikatlar veriləcək. Onlar şirkətlə əməkdaşlığa cəlb olunacaqlar. Müsabiqənin münsiflər heyəti qismində isə “Technogym Azerbaijan” şirkətinin memarlıq və interyer dizayn üzrə direktoru Cristian Brugnolinin iştirakı nəzərdə tutulur.

Tələbələr layihəyə qoşulmaqla potensial müştəri ilə danışıqlar əsasında idman məqsədli məkanın müasir avadanlıq və tələblərə uyğun interyer həlli üçün alqoritm quracaq, biznes-planın tərtibatından başlayaraq izahat vərəqi və smeta təqdimatı, həmçinin müəyyən bir obyekt üçün lazım olan antropoloji və erqonomik tələblərini hazırlayacaqlar.

Qeyd edək ki, Fitnes Mərkəzinin dizayn işi sifarişçinin marketinq siyasəti və məhsulunun tipologiyasına uyğun olaraq hazırlanacaq. Layihə iştirakçılarına https://www.technogym.com/en-INT/hotel-business-solution/ saytında təqdim olunan "Technogym Hotel Solution" materiallarının məhsul kataloqundan istifadə imkanı yaradılacaq. Eləcə də “Technogym Interior Design” səhifəsində qeydiyyatdan keçməklə tələbələr fitnes avadanlıqlarının 2D/3D/BIM modellərini, DWG və 3DS modellərini isə https://bit.ly/4262Ab7 linki vasitəsilə əldə edə biləcəklər.

Xəbər lenti