Logo

“Görkəmli dövlət xadimi Heydər Əliyev” adlı biblioqrafik göstərici nəşr olunub

28.02.2024 16:45 141 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) “Görkəmli dövlət xadimi Heydər Əliyev” adlı biblioqrafik göstəricisini təqdim edib.

MEK-dən "Tehsil.biz"ə bildirilib ki, biblioqrafik göstərici Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında dövlət başçısı İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə başlayır.

Nəşrin ideya və “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Onun biblioqrafiyada yer almış “Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycan idealı və müasir dövr” sərlövhəli məqaləsində Azərbaycanın çoxəsrlik tarixində Heydər Əliyev-İlham Əliyev epoxasının xüsusi əhəmiyyətindən, bu epoxada Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan intibahdan, azərbaycançılıq məfkurəsindən, ölkəmizdə milli birlik və həmrəylik ideyasının həyata keçirilməsindən, İkinci Qarabağ - Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərdən, xalqın xoşbəxt gələcəyinin təmin edilməsində bu tarixi mərhələnin mühüm nailiyyətlərindən bəhs olunur.

Heydər Əlirza oğlu Əliyevin həyatının və ictimai-siyasi fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin bu dahi və müdrik insan haqqında fikirləri, Heydər Əliyev əsərlərinin biblioqrafiyası-kitabları (Azərbaycan, rus və digər xarici dillərdə), məcmuələrdə və dövri mətbuatda çap olunmuş çıxışları, məruzələri və məqalələrinin də əks olunduğu biblioqrafik göstəricidə, həmçinin böyük dövlət xadimi, siyasət nəhəngi, tarixi və əfsanəvi şəxsiyyət Heydər Əliyev haqqında yazılan kitablar, məqalələr, dissertasiya və avtoreferatlar da yer alıb.

Kitabın elmi redaktoru MEK-in direktoru professor Məmməd Əliyev, redaktoru dosent Şəhla Tahirqızı, tərtibçiləri Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, Afət Məmmədova və Mahnur Həsənovadır.

Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, tarixi şəxsiyyət Heydər Əliyevin irsini araşdıran alimlər və gələcək nəsillər üçün əhəmiyyətli məlumat mənbəyi olan bu kitab tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Xəbər lenti