Logo

Multikulturalizm Mərkəzi Koreyanın İNHA Universiteti ilə əməkdaşlıq edəcək - FOTO

29.02.2024 13:38 161 baxış
IMG

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə Koreyanın İNHA Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə "Tehsil.biz"ə Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Müqaviləni mərkəzin icraçı direktoru Rəvan Həsənov və İNHA Universitetinin Multikultural təhsil departamentinin dekanı, professor Younqsoon Kim imzalayıblar.

Müqavilə “Multikulturalizm və interkulturalizm” kursunun inteqrasiyasını əhatə edir. Bu çərçivədə kurs iştirakçılarına Azərbaycan multikulturalizmi tədris olunacaq. Kursa magistr, fəlsəfə doktoru və yerli mütəxəssislər dinləyici kimi cəlb ediləcək. İNHA Universitetinin professoru Younsub Oh və doktorant Leyla Məsimli dinləyicilərə mühazirələr oxuyacaqlar. Kursun iştirakçıları arasından seçilmiş tələbələr üçün təlimlər təşkil olunacaq. Eyni zamanda, həmin tələbələrin Azərbaycandakı multikultural mühitlə yaxından tanış olmaları üçün Mərkəzin Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi çərçivəsində ölkəmizə səfəri həyata keçiriləcək.

İNHA Universiteti mühəndislik, biznes inzibatçılığı, tibb, sosial elmlər sahəsində Cənubi Koreyanın lider universitetlərindən biridir. Reytinqə görə, Cənubi Koreyada 189 universitet arasında 8-ci yerdə olan İNHA Universitetinin dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələri var. 20 mindən çox tələbəsi olan universitetdə müxtəlif tədqiqatlar aparılır.

Qeyd edək ki, “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini BBMM 2015-ci ildən həyata keçirir. Hazırda bu layihə çərçivəsində dünyanın 26 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur.

Xəbər lenti