Logo

Türkiyə-Azərbaycan Universitetinə tərəfdaş kimi cəlb olunacaq universitetlərin adları - SİYAHI

29.02.2024 15:59 182 baxış
IMG

Türkiyə-Azərbaycan Universitetinə tərəfdaş kimi cəlb olunacaq universitetlərin adları məlum olub.

Tehsil.biz xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə danışıb.

O bildirib ki, Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə ilkin mərhələdə Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Teknik Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunacaqlar:

"Növbəti tədris ilindən universitetdə ilk olaraq texniki, texnoloji və mühəndislik ixtisasları üzrə 100 tələbənin qəbulunun həyata keçirilməsi nəzərdə tutulur. Əsas profil mühəndislik olmaqla, növbəti tədris ilindən kompüter elmləri, elektrik və elektronika mühəndisliyi, sənaye mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, ekologiya mühəndisliyi kimi ixtisasların tədrisi nəzərdə tutulur. Gələcəkdə isə tibb təhsilinin tədrisini planlayırıq”.

Nazir tədrisin ilkin mərhələdə türk və ingilis dillərində aparılacağını qeyd edib.

Emin Əmrullayev akademik dəstəyin Türkiyə, inzibati, maliyyə dəstəyinin isə Azərbaycan tərəfindən göstəriləcəyini vurğulayıb:

“Burada həm azərbaycanlı, həm də türkiyəli müəllimlər çalışacaq. Həm Türkiyə-Azərbaycan, həm də Qarabağ Universitetində yeni tədris modelləri və ən yaxşı tələbə-müəllim kontingentinin formalaşdırılması hədəflənib”.

"Qarabağ Universitetində tələbələr ilk illərdə dövlət hesabına təhsil alacaq, sosial tədbirlərlə əhatə olunacaq, əlavə təqaüdlər və ödənişsiz yataqxana ilə təmin olunacaqlar. Universitetdə çalışacaq müəllim və işçi heyəti isə yaşayış yeri ilə təmin ediləcək", - Emin Əmrullayev əlavə edib.

Kənan Nağıbəyli

Xəbər lenti