Logo

Müəllim və tələbələr xüsusi riskli ərazilərdə - FOTO

29.02.2024 16:33 262 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri Bakının sürüşmə riskli ərazilərində istehsalat təcrübəsi keçirlər.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, Fövqəladə hallar və həyat fəaliyyəti kafedrasının müəllimləri Emil Qafarov, Könül Bayramova və Tünayə Abdullayeva təcrübəyə cəlb olunmuş tələbələrlə birgə sürüşmə riskli ərazilərə baxış keçiriblər.

Ekskursiyada AzMİU-nun müəllim və tələbələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin əməkdaşları Temuraz Ələkbərov və Xətai Mirzəyev də iştirak edib, canlı müşahidə aparıblar.

Həmin ərazilərin risk qrupuna daxil edilməsində seysmoaktivlik, antropogen təsir, torpaq-bitki örtüyünün eqradasiyasının səviyyəsi, eroziya parçalanması və sürüşmənin dinamikası kimi məsələlərin nəzərə alındığı tələbələrin diqqətinə çatdırılıb. Aidiyyəti qurumlar tərəfindən belə ərazilərin nəzarətdə saxlanıldığı bildirilib.

Qeyd edək ki, AzMİU tələbələrin təcrübə keçməsi üçün 200-ə yaxın müəssisə və təşkilatla əməkdaşlıq edir. 2023/2024-cü tədris ilində universitetin Təcrübə və karyera mərkəzi tərəfindən bu qurumlara bakalavriat səviyyəsi üzrə 1451, magistratura səviyyəsi üzrə isə 441 olmaqla ümumilikdə 1892 tələbə göndərilib.

Xəbər lenti