Logo

ABŞ mətbuatı: “İsrailin Qafqazda əsl müttəfiqi Azərbaycandır”

01.03.2024 10:00 239 baxış
IMG

“Beynəlxalq aləmdə boykot və sanksiyalarla üzləşən İsrailin Qafqazda əsl müttəfiqi var: Azərbaycan”.

Tehsil.biz xəbər verir ki, bu barədə İsrailin sabiq rabitə, peyk və kiber təhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara ABŞ-ın populyar “Jewish News Syndicate” nəşrində dərc olunmuş məqaləsində yazıb.

“Antisemitizmlə mübarizədə İsrailin müttəfiqi” sərlövhəli məqalədə qeyd olunub ki, Qəzza zolağında müharibə davam etdikcə, İsraili boykot çağırışları artır. Bu ciddi təhdidlər fonunda boykot və sanksiyalarla üzləşən İsrailin Qafqazda əsl müttəfiqi var və bu ölkə Azərbaycandır. İsrail hazırda Azərbaycandan neftin əsas idxalçısıdır və sözügedən müsəlman ölkəsi Qəzza zolağındakı müharibəyə baxmayaraq, İsraillə əməkdaşlığını tam miqyasda davam etdirir.

Sabiq nazir diqqətə çatdırıb ki, bu yaxınlarda keçirilən Münhen Təhlükəsizlik Konfransında Azərbaycan 2024-cü ilin yanvar ayı üçün neft ixracı məlumatlarını açıqlayıb. Məlumatlara əsasən, İsrailə ixrac 523,5 min ton təşkil edib ki, bu da təxminən 297 milyon ABŞ dolları dəyərində olmaqla İtaliya və Tailand kimi ölkələrlə müqayisədə xeyli çoxdur. İsrail Prezidenti İsaak Hersoqla Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdə dövlət başçıları iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən neft sektorunda əməkdaşlığı müzakirə edib, Azərbaycanın İsraildə səfirliyinin açılmasının ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini qeyd ediblər. Müəllif İsraillə əlaqələri kəsmək istiqamətində güclü təzyiqlərə baxmayaraq, Azərbaycan hökumətinin tərəfsizliyini qorumağının ölkəmizin beynəlxalq proseslərdə müstəqil oyunçu kimi çıxış etdiyini təsdqiləyən fakt kimi dəyərləndirib.

Yazıda həmçinin qeyd olunub ki, konfransda İsrail rəsmiləri və yəhudi icma liderləri 2023-cü ilin noyabrında bu ölkənin Diaspor Nazirliyinin hesabatında hətta İsrailə dost hesab edilən ölkələrdə belə antisemitizmin kəskin artdığını göstərən məlumatlardan keçirdikləri narahatlığı dilə gətiriblər. İsrailli sabiq nazir bütün bunların fonunda Azərbaycanda yəhudilərin heç bir təhlükə ilə üzləşmədən öz sinaqoqlarında ibadət etməklə sülh və əmin-amanlıq içində yaşamağa davam etdiklərini vurğulayıb.O, multikulturalizmi, plüralizmi və dini tolerantlığı ilə tanınan Azərbaycana səfərləri zamanı məscidlərin kilsə və sinaqoqlarla yanaşı dinc fəaliyyət göstərdiklərinin, sinaqoqların gecələr açıq qaldığının şahidi olduğunu bildirib.

Xəbər lenti