Logo

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti ilə bağlı ictimai dinləmə keçirilib

01.03.2024 17:18 263 baxış
IMG

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Baş İdarənin tabeliyindəki müəssisələrin fəaliyyəti ilə bağlı ictimai dinləmə keçirilib.

Tehsil.biz xəbər verir ki, dinləmədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxış edərək görülən işlər barədə məlumat verib.

Bildirib ki, hesabat dövründə kitabxanaların kitab fondu 2 milyon 283 mindən, oxucu sayı 425 mindən çox olub, virtual oxucuların sayı 43,5 minə çatıb. Ötən il Heydər Əliyev mərkəzlərini və muzeylərini 60 min nəfər ziyarət edib.

Diqqətə çatdırılıb ki, 2022-ci ilin "Şuşa İli" elan olunması ilə əlaqədar mədəniyyət müəssisələri tərəfindən 643 tədbir keçirilib. 2023-cü ildə isə "Heydər Əliyev İli" çərçivəsində 370 tədbir təşkil olunub. Bu sahə üzrə sənədlərin qanuna müvafiq qaydada, vaxtında və keyfiyyətli icrası təmin edilib, vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə operativ qaydada baxılıb. “Büdcədənkənar kurs haqlarının onlayn formada həyata keçirilməsi üçün hesablamalar sisteminin (Billing sistemi) avtomatlaşdırılması prosesinin həyata keçirilməsi üçün proqram təminatının alınması istiqamətində müvafiq işlər görülüb. Qeyd edilən proqram müəllim və şagirdlərin, müqavilələrin qeydiyyatına, onlayn ödənişə şərait yaradıb.

Tədbirdə iştirak edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, deputat Nizami Cəfərov və digərləri çıxışlarında hesabat dövründə görülmüş işləri yüksək qiymətləndirib, mədəniyyət sahəsinin inkişafı istiqamətində görülən işlərdən danışıblar.

Hesabat yığıncağında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin fəaliyyət istiqamətləri, gələcəkdə icra olunacaq layihələr və digər məsələlər barədə də müzakirələr aparılıb.

Xəbər lenti