Logo

Vitse-spiker Adil Əliyev gələcəyin müəllimləri ilə görüşüb - FOTO

02.03.2024 11:40 227 baxış
IMG

Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev “Azərbaycanda gənclər siyasəti: uğurlar və qarşıda duran vəzifələr” mövzusunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri ilə görüş keçirib.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə universitetdə təhsil alan şəhid ailələrinin üzvləri, qazilər, idmançılar və fəal tələbələr iştirak ediblər. Tədbir şəhidlərin xatirəsinin anılması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Universitetin rektoru professor Cəfər Cəfərov qonağa ali təhsil müəssisəsi haqqında məlumat verib, dövlət başçısının təhsilə və gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib.

Rektor universitetdə dövlət gənclər siyasətinə uyğun olaraq sistemli işlərin aparıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, ADPU-da müxtəlif istiqamətlər üzrə tələbə təşkilatları, ümumilikdə 60-dək klub və dərnək fəaliyyət göstərir.

Vurğulanıb ki, universitetdə tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində də ardıcıl işlər aparılır. Vətən müharibəsində döyüşən gənclər arasında ADPU-nun da tələbə və məzunları olub. Onlardan 16 nəfəri Vətən müharibəsində və 1 nəfəri isə 2022-ci ilin Sentyabr döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. ADPU-da şəhid ailələrinin üzvü olan, o cümlədən müharibə iştirakçısı olan tələbələrin ehtiyaclarının təmini, onlara zəruri tədris şəraitinin yaradılması daim diqqət mərkəzində saxlanılır.

Adil Əliyev çıxışında Milli Məclisin fəaliyyəti barədə tələbələrə məlumat verib, Gənclər və idman komitəsinin məşğul olduğu istiqamətləri diqqətə çatdırıb.

Müasir gənclər siyasətinin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən əsasının qoyulduğunu bildirən vitse-spiker Ümummilli Liderin imzaladığı müvafiq Sərəncamla MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə ölkəmizdə gənclər üçün xüsusi bir günün təsis olunmasını, hələ ötən əsrin 70-80-ci illərində yüzlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə göndərilməsini və orada müxtəlif ixtisaslar üzrə təhsil almalarına şərait yaradılmasını diqqətə çatdırıb.

Adil Əliyev çıxışında xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndərin bütün sahələrdə olduğu kimi, gənclər və idman sahəsində də əsasını qoyduğu siyasətin müxtəlif çağırışlarla üzləşməsini, çevrilişlərin qarşısını almasını və sabitliyi təmin etməklə bərabər gənclər siyasətini hər zaman ön planda saxlamasını bildirib. Adil Əliyev azərbaycançılıq məfkurəsinin bütün azərbaycanlıların ümumi vətəninə bağlılığını özündə ehtiva etməsini, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini diqqətə çatdırıb. Vitse-spiker ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin kompleks şəkildə hazırlanaraq həyata keçirildiyini, nəticədə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişikləri əldə edildiyini, gənclərin ictimai həyatda rolunun önəmli dərəcədə artdığını vurğulayıb.

Vitse-spiker Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramlarının, gənclərin inkişaf strategiyasının, eləcə də xaricdə təhsillə bağlı müxtəlif dövlət proqramlarının qəbul edilərək uğurla icra olunmasını, hər il 10 gəncə Prezident təqaüdü verilməsini, gənclərin ictimai həyatda iştirakını təmin etmək məqsədilə gənclər mərkəzləri, gənclər evləri, olimpiya idman mərkəzlərinin fəaliyyət göstərdiyini bildirib.

O, təhsilin dövlətimiz üçün olduqca vacib sahələrdən biri olduğunu qeyd edib. Gənclərin də dövlətin onlar üçün yaratdığı imkanlardan səmərəli istifadə etməsini deyən vitse-spiker Azərbaycan gənclərinin istər Vətən müharibəsində, istərsə də ondan sonrakı dövrdə üzərinə düşən tarixi vəzifələrin öhdəsindən layiqincə gəlməsini bildirib. Sədr müavini gənclərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da əhəmiyyətli rol oynadığını vurğulayıb.

Çıxışının sonunda COP-29-un Azərbaycanda keçirilməsinin beynəlxalq ictimaiyyətin ölkəmizə verdiyi dəstəyin, həmrəyliyin əyani nümayişi, dünyada artan nüfuzumuzun göstəricisi olduğunu qeyd edən vitse-spiker gənclərin könüllülük fəaliyyətinə xüsusi diqqət çəkib.

Daha sonra tələbələrlə onları maraqlandıran mövzular ətrafında geniş müzakirə aparılıb. Milli Məclisin Gənclər və idman komitəsi adından şəhid ailəsinin üzvü və müharibə iştirakçısı olan tələbələrə hədiyyələr təqdim olunub.

Tədbirdən sonra sədr müavini universitetin xatirə kitabına ürək sözlərini yazıb.

Xəbər lenti