Azərbaycan Dillər Universitetinin (ADU) “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birillik (oktyabr 2022 – dekabr 2023) fəaliyyətini əks etdirən bülleten hazırlanaraq nəşr olunub.
Tehsil.biz xəbər verir ki, sayca 5-ci olan bülletendə mərkəzin bir il ərzində həyata keçirdiyi layihələr, universitetin müvafiq fakültə və kafedraları ilə birgə təşkil etdiyi tədbirlər, görülən işlər haqqında geniş materiallar toplanıb.
“Azərbaycanşünaslıq” Elmi Mərkəzinin yeni nəşrində ötən bir il ərzində “Heydər Əliyev İli”, “44 günlük Vətən müharibəsi: milli birliyin təntənəsi”, “Qarabağda keçirilən antiterror əməliyyatı”, “Qarabağ”, “Dilimiz və mənəviyyatımız” layihələri və azərbaycanşünaslığın digər aktual problemləri çərçivəsində universitetin müvafiq qurumları və tələbələrin iştirakı ilə keçirilmiş elmi seminarlar, dəyirmi masalar, birgə mühazirələr, kitab təqdimatları və s. tədbirlər öz əksini tapıb. Bu tədbirlər silsiləsi, əsasən, Azərbaycançılıq məfkurəsinin və ideologiyasının, ulu öndər Heydər Əliyev irsinin, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, Prezident İlham Əliyevin elm, təhsil və mədəniyyətin davamlı inkişafı sahəsində həyata keçirdiyi dövlət siyasətinin öyrənilməsi və təbliği kimi mühüm məsələləri ehtiva edir. Bülletendə təqdim olunan ədəbiyyatların xronoloji ardıcılıqla sıralanması, nəşrdə tədbirlərin xronikası ilə yanaşı, fotoların da yer alması oxucuların həyata keçirilən layihələr haqqında dolğun məlumat almasına imkan verir.
Elmi Mərkəzin 5 saylı bülleteninin redaksiya heyətinə Muxtar İmanov, Novruz Məmmədov, Şahin Xəlilli, Aqşin Rüstəmov, Sevdagül Əliyeva, Ülviyyə Rəhimova, Ədalət Abdiyeva, İbrahim Kazımbəyli, Qorxmaz Mustafayev, Aidə Yusifzadə, Cavid Zeynallı daxildir. Bülletenin tərtibçiləri Suğra Ələkbərli və Səbuhə Aslanovadır.
Qeyd edək ki, 2017-ci ildə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə yaradılan “Azərbaycanşünaslıq” elmi-tədqiqat laboratoriyası 2022-ci ildən fəaliyyətini “Azərbaycanşünaslıq” Elmi Mərkəzi adı altında davam etdirir. Universitetin təhsil, tədris və tərbiyə işlərində mühüm rol oynayan Elmi Mərkəzin əsas məqsədi ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq məfkurəsini, xalqımızın milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, müstəqil dövlətimizin inkişaf etdirilməsi, Prezident İlham Əliyevin elm, təhsil və mədəniyyətin davamlı inkişafı sahəsində həyata keçirdiyi dövlət siyasətinin öyrənilməsi və təbliği, Azərbaycanşünaslığın inkişafına dəstək göstərməkdir. Mərkəzin bu istiqamətdə həyata keçirdiyi layihələr hər il, mütəmadi olaraq, nəşr etdirdiyi bülletendə öz əksini tapır.