Logo

NDU-nun “050901 – Hərbi tibb” ixtisasına 2021/2022-ci tədris ili üçün qəbul qaydaları

07.04.2021 17:26 648 baxış
IMG

Hərbi tibb ixtisasına qəbul olmaq istəyən namizədlər 2021-ci il aprelin 30-dək ərizə ilə Naxçıvan Dövlət Universitetində yaradılmış Sənəd Qəbulu Komissiyasına müraciət etməlidirlər.

 

I.ÜMUMİ MÜDDƏALAR:



Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 6 il
Yaş həddi: Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və  20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və hərbi vəzifəlilər qəbul edilirlər.

II. SƏNƏDLƏRİN QƏBULU:
Hərbi tibb ixtisasına qəbul olmaq istəyən namizədlər 2021-ci il aprelin 1-dən 30-dək ərizə ilə Naxçıvan Dövlət Universitetində yaradılmış Sənəd Qəbulu Komissiyasına müraciət etməlidirlər.


Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);
– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün  orta məktəbdən verilmiş arayış);
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda);
– oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
– rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 6 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4.5x6 sm ölçüdə;
– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;
– elektrokardioqramma;
– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri;
– qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;
– sidiyin ümumi analizi;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.
Qeyd: Namizədlər hər hansı səbəbdən Hərbi tibb ixtisasında təhsil almaqdan imtina etdikləri halda, Naxçıvan Dövlət Universitetindən xaric olunmaları barədə öhdəlik götürürlər.


III. Naxçıvan Dövlət Universitetinin hərbi tibb ixtisasına QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR:


Namizədlər hərbi həkim komissiyasında müayinədən keçməlidirlər.


Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
Qəbul imtahanına hərbi həkim komissiyasında müayinədən müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.


Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması fakültə rəisinin sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir.


Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı IV ixtisas qrupunun fənləri üzrə Azərbaycan dilində keçirilir.


Namizədlər Hərbi Tibb Fakültəsinə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının nəticələri əsasında qəbul edilirlər.


Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər 4-cü kursadək təhsil aldıqdan sonra hərbi andı qəbul edirlər və bütün növ təminatlarla (geyim, qida və s.) təmin edilirlər.


Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər təhsil müddətində 4-cü kursadək Naxçıvan Dövlət Universitetində və kliniki bazalarda, son 2 ili isə hərbi andı qəbul edərək birbaşa Hərbi hospitalda və hərbi şəraitdə təhsil alır və bütün növ təminatlarla təmin edilirlər. Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər təhsil müddətində müəyyən edilmiş məbləğdə müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.



Sənədlər Naxçıvan Dövlət Universitetində yaradılmış komissiya tərəfindən qəbul olunur (ünvan: Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012).
Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqdan sonra əlavə olaraq bildiriləcək.



Əlavə məlumat Naxçıvan Dövlət Universitetinin internet saytında (www.ndu.edu.az) yerləşdiriləcək.

Xəbər lenti