Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına 2024/2025-ci tədris ili üçün əyani təhsil üzrə qəbula namizədlər boyu 170 santimetrdən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, bu il sentyabrın 15-dək 17 yaşı tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və bu il sentyabrın 15-dək 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.
Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, akademiyaya qəbul olmaq istəyənlər FHN Tibb Xidmətinin Xüsusi həkim ekspertiza komissiyası tərəfindən yoxlanılır, fiziki hazırlıq səviyyəsinin xidmət üçün müəyyən edilmiş minimumlara uyğunluğu yoxlanılır və FHN-nin Seçmə komissiyasında fərdi söhbət aparılmaqla sınaqdan keçirilirlər. Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçmiş abituriyentlərin siyahısı FHN Akademiyasına namizəd olaraq qeydə alınması üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
Qəbul imtahanı test üsulu ilə I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.
Test imtahanlarının keçirilməsi qaydaları ilə Dövlət İmtahan Mərkəzinin internet saytında və mediada verilən elanlarda tanış olmaq mümkündür.
Akademiyaya qəbul olunan şəxslər təhsil müddətində yemək, geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar. Təhsil müddəti 4 ildir. Tədris Azərbaycan dilində aparılır. Məzunlara müvafiq olaraq “Yanğın təhlükəsizliyi mühəndisliyi” və “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə “bakalavr” ali-peşə ixtisas dərəcəsi verilir. Onlar “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyi sistemində vəzifələrə təyinat alırlar.
Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
• tərcümeyi-hal (abituriyentin şəxsən özü tərəfindən yazılmış);
• şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;
• hərbi biletin və ya hərbi xidmətə çağırış məntəqəsinə təhkimedilmə vəsiqəsinin əsli və notarial qaydada təsdiq olunmuş surəti;
• tam orta məktəbdən, işlədiyi təqdirdə iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;
• tam orta təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti, yaxud tam orta məktəbin buraxılış sinfində oxuması haqqında müəyyən olunmuş formada arayış;
• yaşayış yerindən arayış (daimi qeydiyyat yerində yaşamadığı halda);
• xüsusi həkim ekspertiza komissiyasına təqdim olunması üçün yaşayış yeri üzrə ruhi-əsəb, narkoloji, dəri-zöhrəvi, vərəm dispanserlərindən və QİÇS haqqında arayışlar, qeydiyyat yeri üzrə poliklinikaya son 5 il ərzində müraciətləri haqqında qısa epikriz;
• 4 ədəd 6x4 sm ölçüdə rəngli fotoşəkil (ağ fonda, tünd rəngli pencəkdə).
Qiyabi təhsil
FHN Akademiyasına 2024/2025-ci tədris ili üçün qiyabi təhsil üzrə qəbula namizədlər FHN tam orta təhsilli, bu il sentyabrın 15-dək 35 yaşı tamam olmayan əməkdaşları sırasından seçilir.
Akademiyaya qəbul olmaq istəyənlər FHN Seçmə komissiyasında fərdi söhbət aparılmaqla sınaqdan keçməlidirlər. Sınaqdan müvəffəqiyyətlə keçmiş abituriyentlərin siyahısı FHN Akademiyasına namizəd olaraq qeydə alınması üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
Qəbul imtahanı test üsulu ilə I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.
Test imtahanlarının keçirilməsi qaydaları ilə Dövlət İmtahan Mərkəzinin internet saytında və mediada verilən elanlar vasitəsilə tanış olmaq olar.
Akademiyada təhsil müddəti 5 ildir. Təhsilalma forması ödənişli əsaslarla qiyabidir. İllik təhsil haqqının məbləği 2100 AZN-dir. Tədris Azərbaycan dilində aparılır. Akademiyanın məzunlarına müvafiq olaraq “Yanğın təhlükəsizliyi mühəndisliyi” və “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə “bakalavr” ali-peşə ixtisas dərəcəsi verilir.
Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
• tərcümeyi-hal (namizədin şəxsən özü tərəfindən yazılmış);
• şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;
• iş yerindən xasiyyətnamə;
• xidmət siyahısından və ya əmək kitabçasından təsdiq edilmiş çıxarış;
• tam orta təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti;
• 4 ədəd 6x4 sm ölçüdə, 2 ədəd 9x12 sm ölçüdə rəngli fotoşəkil (ağ fonda, kitel geyim formasında).
Sənədlər aprelin 15-dək (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri Hövsan qəsəbəsi Elman Qasımov küçəsi-8) qəbul edilir. Sənəd qəbulu və sınaqlarla bağlı ətraflı məlumat FHN-in rəsmi internet səhifəsində (www.fhn.gov.az) yerləşdiriləcək.
Əlaqə telefonları: (012) 512-41-61, (012) 512-41-20