Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçı-publisist Dürdanə Qaraşovanın Çingiz Musa oğlu Qasımova həsr edilmiş "Cəbrayılın ilk şəhidi" kitabının təqdimat mərasimi keçirilib.
Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndəsi, qazi Abbas Abbaslı, filologiya elmləri üzrə fəlsəfə doktoru, Tariyel Abbasov, filologiya üzrə fəlsəfə doktoru, jurnalist Şakir Əlif oğlu, Cəbrayıl rayon 5 nömrəli tam orta məktəbin direktoru Faiq Qurbanov, Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Fətullayeva Aytən, Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbinin direktoru Savalan İman, şair - publisist Fəxrəddin Meydanlı, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika-Elmi Texniki Kitabxananın şöbə müdiri Amaliya Qənbərova, media nümayəndələri, tələbə-gənclər və şəhidin ailə üzvləri iştirak ediblər.
İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov şanlı Zəfər tarixinə nəzər salaraq, Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti, rəşadət göstərən əsgər və zabitlərimizin qəhrəmanlığı, arxa cəbhədə çalışan xalqımızın birlik və həmrəyliyindən söz açıb. O, mərd oğullarını Vətən üçün yetişdirən anaların fədakarlığının, şəhidlərimizin əziz xatirəsinin daim diqqətdə və qəlblərdə yaşayacağını deyib.
A.Cəfərov ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş Azərbaycan oğullarının qəhrəmanlıq dolu həyat hekayələrinin böyüməkdə olan gənclərə bir örnək olduğunu söyləyərək, bu mövzuda qələmə alınan əsərlərin əhəmiyyətindən danışıb.
Kitabın müəllifi Dürdanə Qaraşova kitabın yazılmasında iştirak edən şahidin ailə üzvlərinə, cəbhə yoldaşlarına dərin hörmət və ehtiramını bildirib, kitabın məhz şəhid Çingiz Qasımovun ailə üzvlərinin və özünün şəhid ilə şəxsi tanışlığı, birlikdə keçən uşaqlıq və məktəb illərinin xatirələri əsasında qələmə alındığını qeyd edib.
Tədbir iştirakçıları şəhidlərimizin xatirəsinin yaşadılması üçün vətənpərvərlik mövzusunda əsərlərin qələmə alınması ilə yanaşı, bu mövzuda filmlərin, rəsmlərin çəkilməsi, şəhidlərin şəxsi eksponatlarından ibarət muzeylərdə guşələrin yaradılması əhəmiyyətindən bəhs ediblər.
Şəhidin ailə üzvləri, qardaşları şəhid Çingiz Qasımov ilə bağlı xatirələri bölüşərək, tədbirin mədəniyyət ocağı olan Gənclər Kitabxanasında təşkil olunmasından böyük məmnunluq hissi duyduqlarını vurğulayıblar.
Tədbirin sonunda Dürdanə Qaraşovanın müəllifi olduğu “Cəbrayılın ilk şəhidi” kitabı kitabxanaya hədiyyə edilib.