Elan üzrə 39 dövlət orqanında mövcud olan 116 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb. Müvafiq vəzifələr üzrə qeydiyyatdan keçmiş 332 namizədlə 333 müsahibənin keçirilməsi planlaşdırılır.
Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, ən yüksək müsabiqə vəziyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Maliyyə, təsərrüfat, hüquqi təminat, insan resursları və ümumi işlər şöbəsi, Hüquqi təminat, insan resursları və ümumi işlər sektoru (1 vakant yer üzrə 38 nəfər), İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatı, Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsi, Torpaq sahələrinin icarəyə verilməsi sektoru, məsləhətçi (1 vakant yer üzrə 26 namizəd) vəzifələri üzrə yaranıb.
Müsahibələrin martın 14-dən aprelin 5-dək olan dövrdə keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər. Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.