Logo

Ümumdünya Mühəndislik Günü münasibətilə tədbir keçirilib - FOTO

05.03.2024 17:57 233 baxış
IMG

Azərbaycan Mühəndislik Akademiyası və Milli Aviasiya Akademiyasının birgə təşkilatçılığı ilə Ümumdünya Mühəndislik Gününə həsr olunan tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə Azərbaycan Mühəndislik Akademiyasından məlumat verilib.

Tədbiri Mühəndislik Akademiyasının vitse-prezidenti akademik Əhəd Canəhmədov açaraq, bu akademiyanın prezidenti akademik Arif Paşayevin təbrikini tədbir iştirakçılarına çatdırıb.

Sonra Əhəd Canəhmədov 4 Mart – Ümumdünya Mühəndislik Günü haqqında məlumat verib və “Mühəndislik düşüncələrinin inkişaf mərhələləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə ətrafında Mühəndislik Akademiyasının müxbir üzvləri - İstehsalat Birliyinin Baş direktoru Kamal Əsgərov, Elmi-Tədqiqat İnstitutunun direktoru Aydın Musayev, fakültə dekanı dosent Nazim Nağıyev, Əməkdar mühəndis Rasim Nəbiyev, kafedra müdiri dosent İslam İsgəndərov, tələbələr adından Sadiq Zeynalzadə, Zərifə Hacıyeva və Könül Əhmədova çıxış ediblər.

Qeyd olunub ki, mühəndislik fəaliyyəti bugünkü iş bazarında ən çox axtarılan peşələrdən biridir. Bu əlamətdar günü tələbələrlə – gələcəyin mühəndislərilə birlikdə qeyd etmək, onları yaxşı mühəndislər olmağa həvəsləndirmək üçün əla bir yoldur və bu məsul vəzifə ölkənin alim və mütəxəssisləri üzərinə düşür.

Diqqətə çatdırılıb ki, Azərbaycan Mühəndislik Akademiyası bu yaxınlarda “2024-2030-cu illər üçün Fəaliyyət Konsepsiyası”nı və “Bakı Bəyannaməsi”ni qəbul edib. Akademiyanın idarəetmə strukturu və fəaliyyət istiqamətləri müəyyən olunub və yeni departamentlər yaradılıb. Bütün görülən işlər ölkəmizin sosial və iqtisadi həyatında böyük rol oynayacaq.

Tədbirdə Mühəndislik Akademiyasının üzvləri, fakültə dekanları, kafedra müdirləri, mühəndislər və tələbələr – gələcək mühəndislərin nümayəndələri iştirak ediblər.

Xəbər lenti