Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub.
AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, səfər çərçivəsində İstanbul Universiteti-Cerrahpaşa, İstanbul Texniki Universiteti (İTU), Boğaziçi Universiteti, Atatürk Universiteti, Ərzurum Texniki Universiteti və Türkiyə Milli Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Makina ve Kimya Endüstrisi A.Ş” şirkətində görüşlər keçirilib və müxtəlif sənədlər imzalanıb.
İstanbul Universiteti-Cerrahpaşanın rektoru professor Nuri Aydınla keçirilən görüş çərçivəsində tədris və tədqiqat sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, hər iki universitet müəllim-tələbə mübadiləsi həyata keçirəcək, səhiyyə menecmenti və biotibbi mühəndislik sahələrində magistratura səviyyəsində ikili diplom proqramlarının təşkili imkanlarını araşdıracaqlar.
İTU rektoru professor İsmayıl Koyuncu və nümayəndə heyəti ilə keçirilən görüş çərçivəsində universitetlər arasında əməkdaşlığa dair daha bir müqavilə imzalanıb. Müqaviləyə əsasən, universitetlərin tədqiqat institutlarının bu ali məktəblərin prioritet tədqiqat mövzuları üzrə birgə araşdırmalar aparmaq, magistrant və doktorantlara qarşılıqlı elmi rəhbərlik imkanları yaradılacaq, həmçinin müəllim-tələbə mübadiləsi həyata keçiriləcək.
Boğaziçi Universitetinin rektoru professor Mehmet Naci İnci ilə keçirilən görüş zamanı 4-cü Avrasiya Enerji və Dayanıqlılıq Konfransın 2024-cü ilin iyununda Boğaziçi Universitetində keçirilməsi qərara alınıb. Bundan başqa, universitetlərin magistrant və doktorantlarına qarşılıqlı elmi rəhbərlik imkanları da müzakirə olunub.
Atatürk Universitetinin rektoru professor Ömer Çomaklı ilə keçirilən görüş çərçivəsində universitetlər arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, universitetlərin tədqiqat institutlarının bu ali məktəblərin prioritet tədqiqat mövzuları üzrə birgə araşdırmalar aparmaq, habelə bu araşdırmaların birgə maliyyələşdirilməsi imkanları öyrəniləcək.
Daha bir əməkdaşlıq müqaviləsi Ərzurum Texniki Universitetinin rektoru professor Bülent Çakmakla keçirilən görüş çərçivəsində imzalanıb. Sənədə əsasən, universitetlərin tədqiqat institutlarının bu universitetlərin prioritet tədqiqat mövzuları üzrə birgə araşdırmalar aparmaq, habelə bu araşdırmaların birgə maliyyələşdirilməsi imkanları öyrəniləcək.
“Makina ve Kimya Endüstrisi A.Ş” şirkətində keçirilən görüşdə AzTU-nun müdafiə sənayesinə aid ixtisaslarına Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, AzTU və şirkət mütəxəssisləri tərəfindən birgə baxılması, təkmilləşdirilməsi istiqamətində müzakirə aparılıb.
Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və Ömürboyu Öyrənmə Məktəbinin direktoru Aynurə İsmayılovadan ibarət olub.