Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Yasamal rayonu 53 nömrəli orta məktəbdə “Təhsil və tibb müəssisələrinin psixoloqları tərəfindən ekstremal şəraitdə ilkin psixoloji yardımın göstərilməsi” mövzusunda seminar keçirilib.
Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, seminarda FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi, Bakı Regional Mərkəzi, Tibb Xidmətinin və Bakı şəhəri üzrə Təhsil idarəsinin əməkdaşları, həmçinin Bakı şəhərini əhatə edən təhsil və tibb müəssisələrinin psixoloqları iştirak ediblər.
Seminarın keçirilməsində məqsəd təhsil və tibb müəssisələrində fəaliyyət göstərən psixoloqların ekstremal şəraitdə işləmə vərdişlərinin artırılması, eyni zamanda qarşılıqlı peşəkar fəaliyyətin qurulması olub.
Tədbiri giriş sözü ilə açan mərkəz rəisinin müavini mayor Vüsal Məmmədzadə seminarın əhəmiyyətindən bəhs edərək iştirakçılara uğurlar arzulayıb.
Sonra FHN-in Tibb Xidmətinin psixoloqu kapitan Dilbər Əlixanova “Ekstremal şəraitdə ilkin psixoloji yardım” mövzusunda seminar iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra çıxış edən Bakı şəhəri üzrə Təhsil idarəsinin psixoloji işin təşkili sektorunun əməkdaşı Aysel Novruzova seminarın vacibliyini vurğulayaraq təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi yolunda atılan addımlardan bəhs edib.
İnteraktiv müzakirələr formatında davam edən seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.