Logo

“FutureFem: Qadın Sahibkarlığın İnkişafı” adlı konfrans keçirilib - FOTO

08.03.2024 13:00 248 baxış
IMG

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “FutureFem: Qadın Sahibkarlığın İnkişafı” adlı konfrans keçirilib.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, “Bir Könüllü” tələbə təşkilatı tərəfindən Təhsilin İnkişaf Fondunun dəstəyi ilə ADA Universitetində keçirilən və 50 tələbənin iştirakı etdiyi konfrans mövcud vəziyyəti, qadın sahibkarların fəaliyyətlərinin kəmiyyət və keyfiyyət göstəricilərini artırmaq üçün atıla biləcək mümkün addımları, dövlətin və cəmiyyətin bu xüsusda üzərinə düşən öhdəlikləri müzakirə etmək, həmçinin tələbələrə qadın liderlərdən ilhamlanmaq imkanı yaratmaq məqsədilə təşkil olunub.

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova qadın sahibkarların iqtisadiyyata daha geniş inteqrasiya etmələrinin əhəmiyyətindən danışıb, bu cür tədbirlərin tələbələrin fərdi inkişafında xüsusi rol oynadığını vurğulayıb.

Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva “Azərbaycanda qadın sahibkarlar üçün çətinliklər və imkanlar”, Təhsilin İnkişafı Fondunun sədr müavini Xanım Daşdəmirova “Təhsildən gözləntilər: XXI əsrin tələblərinə uyğun insan kapitalının formalaşması” mövzularında çıxış ediblər.

Konfransın ikinci hissəsində Azərbaycan Qadınları Elmdə Təşkilatının CEO və təsisçisi Günel Ağabəylinin “Techpreneurship: Sahibkarlıq sistemində innovasiya layihələri və innovasiya istiqamətli təşəbbüslərin stimullaşdırılmasında elmin rolu”, “Kapital Bank”ın İşçi bağlılığı və motivasiya şöbəsinin müdiri Gülnarə Əkbərovanın isə “Korporativ mühitdə gender bərabərliyinin təmini” mövzularında məruzələri dinlənilib.

Qadınların iş dünyasında sahibkar kimi fəal iştirak etmələrinin ölkə iqtisadiyyatında inkişaf və çeşidliliyin təmin olunmasında əhəmiyyətli rol oynadıqlarını xüsusi vurğulayan natiqlər tələbələrin suallarını da ətraflı cavablandırıb və bu istiqamətdə ideyalara sahib olan tələbələrə tövsiyələrini veriblər.

Qeyd edək ki, hibrid şəkildə təşkil olunmuş konfransa ümumilikdə 10 ali təhsil müəssisəsini təmsil edən tələbələr qatılıblar.

Xəbər lenti