Logo

“Dinlərarası harmoniya” festivalı keçirilib - FOTOLAR

08.03.2024 18:34 168 baxış
IMG

Azərbaycanda fəaliyyət göstərən dini qurumların birgə təşkilatçılığı ilə martın 8-də “Dinlərarası harmoniya” festivalı keçirilib.

Tehsil.biz xəbər verir ki, ölkəmizdə mənəvi dəyərlərin, tolerant və multikultural ənənələrin inkişafı və təbliği məqsədilə təşkil olunan festivalda Qafqaz Müsəlmanları İdarəsinin, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının, Avropa, gürcü, dağ yəhudiləri, Roma Katolik Kilsəsinin Apostol Prefekturasının, Azərbaycan Bibliya Cəmiyyətinin (protestant yönümlü icmalar), Azərbaycan Bəhailəri Dini Mərkəzinin, Alban-Udi xristian dini icmasının, Krişna şüuru, gürcü pravoslav, Molokan ruhani xristian və digər dini icmaların fəaliyyətini əks etdirən fotosərgi, sənədli filmlər, videoçarxlar və musiqi proqramı nümayiş etdirilib.

Festivala, həmçinin Bakı şəhərində keçiriləcək “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” konfransında iştirak edən xarici qonaqlar da qatılıb.

Festival zamanı ölkəmizdə dini etiqad azadlığı üçün yaradılmış münbit şərait, milli-mənəvi dəyərlərə, ibadət yerlərinə göstərilən qayğı, dövlətlə dini qurumlar arasında qarşılıqlı anlaşma və əməkdaşlıqla bağlı reallıq ictimaiyyətin diqqətinə çatdırılıb. Eyni zamanda, Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin hüquqlarının, etiqad azadlığının təmin olunması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, dövlətin hər bir vətəndaşına eyni dərəcədə diqqət və qayğı göstərməsi əyani şəkildə nümayiş etdirilib.

Xəbər lenti