Bakı Mühəndislik Universitetinin (BMU) Tərcümə və ingilis dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Natiq Adilovun “Translation of Legal Texts” (Hüquqi mətnlərin tərcüməsi) adlı dərs vəsaiti işıq üzü görüb.
Bir çox universitetlərdə hüquq, məhkəmə, inzibati sənədləşmə kimi dərslərin tədris olunmasına baxmayaraq bununla bağlı müvafiq dərs vəsaitlərinin olmaması kitabın yaranma zərurətini meydana çıxarıb.
Kitabda Azərbaycan, Birləşmiş Krallıq və ABŞ-ın hüquq sistemləri haqqında məlumatlar, müvafiq terminlər və tərcümə mətnləri əks olunub. Bununla yanaşı, tələbə və müəllimlər üçün əlavə faydalı sözlər və informasiyalar da müxtəlif formatda istifadəçilərin ixtiyarına təqdim olunub.
Dərs vəsaiti Tərcümə, İngilis dili və ədəbiyyatı ixtisasları üzrə təhsil alan tələbələr, eləcə də bu mövzu ilə bağlı maraqlanan şəxslər üçün faydalı ola bilər.
Dərsliyin elmi redaktoru BMU-nun Tərcümə və ingilis dili kafedrasının dosenti Nərminə Əliyeva, rəyçiləri BMU-nun Xarici dillər kafedrasının müdiri, dosent Ətrabə Gül və Azərbaycan Dillər Universitetinin professoru Şahin Xəlillidir.
Qeyd edək ki, dərslik BMU-nun vəsaiti hesabına çap olunub.