Logo

Ümumdünya Ağız Sağlamlığı Günü münasibətilə ATU-da elmi-praktiki konfrans keçirilib - FOTO

11.03.2024 14:07 221 baxış
IMG

Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycan Stomatoloji Assosiasiyası tərəfindən 20 Mart - Ümumdünya Ağız Sağlamlığı Günü münasibətilə elmi-praktiki konfrans keçirilib.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, Azərbaycan Stomatoloji Assosiasiyası tərəfindən hər il fərqli şüarlar altında keçirilən 20 Mart - Ümumdünya Ağız Sağlamlığı Günü bu il “Xoşbəxt ağız... xoşbəxt bədəndir” şüarı altında qeyd olunur.

Konfransda ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov, Ortopedik stomatologiya kafedrasının professoru Zöhrab Qarayev, eləcə də stomatoloji kafedraların mütəxəssisləri, hərbi fakültə və stomatoloji fakültənin tələbələri və rezidentləri iştirak ediblər.

Tədbirin məqsədi bütün iştirakçılara, o cümlədən gənc həkimlərə və tələbələrə ağız sağlamlığının ümumi sağlamlığa göstərdiyi təsirin vacibliyini izah etməkdir.

Konfransın açılışında ATU-nun Terapevtik stomatologiya kafedrasının professoru Rizvan Məmmədov bu cür tədbirlərin təşkilinin ağız boşluğunun gigiyenasına və profilaktikasına diqqəti artırmaq baxımından vacib olduğunu qeyd edib. O, aparılmış tədqiqatlar nəticəsində ağız boşluğu patologiyalarının birbaşa olaraq bir çox orqanların sağlamlığına təsir göstərdiyinin müşahidə olunduğunu bildirib.

Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti, Uşaq stomatologiyası kafedrasının müdiri, əməkdar elm xadimi, professor Rəna Əliyeva tədbirdə çıxışı zamanı hər kəsin sağlamlıq, o cümlədən ağız sağlamlığı hüququna malik olduğunu diqqətə çatdırıb, ağız sağlamlığının və onu qorumağın əhəmiyyətini vurğulayıb. R.Əliyeva bu cür tədbirlərin ağız sağlamlığı haqqında məlumatlılığın artırılması istiqamətində mühüm rol oynadığını qeyd edib.

Daha sonra tibb üzrə fəlsəfə doktoru Gülşən Zeynalova, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov və doktor Fəridə Yaqubova “Oral-B iO 9 diş fırçasının təqdimatı”, “Uşaqlarda periodont toxumalarının iltihabı xəstəliklərinin kompleks müalicəsi” və “Ağız və diş xəstəliklərinin tibbi, psixososial və iqtisadi təsirinin qiymətləndirilməsi” mövzularında məruzələrlə çıxış ediblər.

Konfransda FDI Ümumdünya Stomatoloji Federasiyası tərəfindən hazırlanmış Ümumdünya Ağız Sağlamlığı Gününə həsr edilən videoçarx nümayiş olunub.

Sonda cari il sentyabrın 12-15-də FDI Ümumdünya Stomatoloji Federasiyası və Türkiyə Diş Həkimliyi Birliyi tərəfindən İstanbul şəhərində keçiriləcək WDC Ümumdünya Stomatoloji Konqresi haqqında geniş məlumat verilib.

Xəbər lenti