Ötən tədris ilindən etibarən “Bədən tərbiyəsi və idman” istiqaməti üzrə ali təhsil müəssisələrinin məşqçilik ixtisasına tələbə qəbulu idman növləri üzrə aparılır. Bu il məşqçilik ixtisasının əhatə etdiyi idman növlərinin sayı 20-dən 26-ya yüksəlib. Yeni idman növlərinə badminton, kamandan oxatma, kanoe və avarçəkmə, tennis, triatlon və qış idman növləri daxildir.
Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu ildən etibarən bədən tərbiyəsi və idman istiqamətinin 61-ci komissiyasına aid məşqçilik ixtisasına qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanlarının nəticəsi məqbul və ya qeyri-məqbulla deyil, balla qiymətləndiriləcək. Abituriyentlər məşqçilik ixtisasına daxil olan idman növləri üzrə qabiliyyət imtahanından topladıqları balla müsabiqədə iştirak edəcəklər. Qabiliyyət imtahanının qiymətləndirilməsi 10 ballıq şkala ilə aparılır, 6 və daha yuxarı bal toplayanlar müsabiqəyə buraxılırlar.
Abituriyentlərə imtahan zamanı idman hərəkətləri, normativlər və təhlükəsizlik qaydaları izah olunur. Müvafiq idman növləri üzrə normativlərin icrası üçün abituriyentlər zəruri avadanlıqlarla və tərəf müqabili ilə təmin olunurlar. İmtahanlara hazırlaşmaq üçün metodiki tövsiyələr və normativlər “Abituriyent” jurnalının Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi buraxılışında veriləcək. Bundan əlavə, məşqçilik ixtisasının idman növlərinə aid videomateriallar DİM-in “YouTube” səhifəsində yerləşdiriləcək.
Qabiliyyət imtahanlarında V qrup üzrə qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladıqları ümumi balları müsabiqə şərtlərini ödəyən abituriyentlər iştirak edə bilərlər.