Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müxtəlif fakültələrində 6 istiqamət, o cümlədən “Əqli mülkiyyətin əsasları”, “Yaradıcılıq sahələrində əqli mülkiyyətin yaranması və qorunması”, “Əqli mülkiyyət və iqtisadi inkişaf”, “İnformasiya texnologiyaları və əqli mülkiyyət”, “Texnoloji innovasiyalar və əqli mülkiyyət”, “Əqli mülkiyyət və inovasiyalar” fənləri üzrə tədris aparılır. Tələbələr üçün mühazirə və məşğələlər universitetin auditoriyaları ilə yanaşı, Əqli Mülkiyyət Agentliyin müasir avadanlıqlarla təchiz edilmiş SMART tipli auditoriyalarda keçirilir.
Bu barədə "Tehsil.biz"ə AzMİU-dan bildirilib.
Birinci semestrin yekunlarının ilkin təhlil göstərir ki, əqli mülkiyyətlə bağlı fənlər tələbələr arasında geniş marağa səbəb olub. Hətta yaradıcı təfəkkürlü bir qrup tələbənin əqli mülkiyyət sahəsi ilə bağlı dissertasiya işləri yazmaq istəyi ilə Əqli mülkiyyət kafedrasına müraciət etdiyi bildirilir.
Kafedra tərəfindən 2023-2024-cü tədris ilinin birinci semestrində bakalavriatura üzrə 31, magistratura üzrə 23 qrupda tədris işi təşkil edilib, 800-dən artıq tələbə əqli mülkiyyətin müxtəlif aspektləri üzrə biliklərə yiyələnib. Agentliyin 14 mütəxəssisi isə həmin dərslərin keçirilməsinə cəlb olunub.
Qeyd edək ki, 2023-cü ilin avqust ayında Əqli Mülkiyyət Agentliyi və AzMİU-nun rəhbər heyətlərinin işgüzar görüşü keçirilib. Həmin görüşdə AzMİU-da Əqli mülkiyyət kafedrasının yaradılması qərara alınıb və qısa vaxtda kafedranın işi təşkil olunub. İlkin uğurların fonunda müəyyənləşdirilən hədəflərin qısa zamanda reallığa çevrilməsi Əqli Mülkiyyət Agentliyi ilə AzMİU arasında əməkdaşlığın daha da güclənməsinə təkan verib. Hazırda əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsi, o cümlədən universitetdə təhsil alan tələbələrin müvafiq sahələr üzrə tədqiqat işlərinə cəlb olunması, startapların yaradılması, universitet əməkdaşlarının elmi-tədqiqat nəticələrinin sənaye tətbiqinin təmin edilməsi və s. istiqamətlərdə addımların atılması nəzərdə tutulur.